Azərbaycanın Özbəkistandakı səfirliyinin, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunan “Xocalıda ölən insanlıq” adlı anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev , ölkəmizin və Türkiyənin bu ölkədəki səfirliklərinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetlərin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib.
İştirakçılar əvvəlcə Xocalı faciəsi, Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Alim və tərcüməçi Babaxan Şərif Xocalı faciəsi haqqında məlumat verib, soyqırımı son onilliklərdə Türk dünyasının ən böyük faciəsi kimi dəyərləndirib.
Hüseyn Quliyev deyib ki, 32 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini mühasirəyə alıb, şəhərdə olan könüllülər, qocalar, qadınlar, uşaqlar qətlə yetirilib. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları qocaları, qadınları, uşaqları atəşə tutdular.
Hüseyn Quliyev deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistanın sabiq prezidenti, Xocalı canilərindən biri Serj Sarkisyan lovğalıqla belə cavab verib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib”.
AMM-nin direktoru Samir Abbasov Xocalı faciəsi zamanı şəhidlərin, yaralıların və əsir düşənlərin sayı haqqında məlumat verib. O deyib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Hazırda Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Hersoqovina, İordaniya, Panama, Sudan, Peru, Honduras və digər dövlətlərin parlamentləri və Amerika Birləşmiş Ştatlarının 21 ştatı Xocalı soyqırımını tanıyıb.
Kitabxana-İnformasiya Mərkəzinin müdiri Mövluda Amanova, dosent Adxambek Alimbekov, şairə Xasiyyət Rüstəm, tarixçi alim Şuxrat Barlas, politologiya üzrə doktor Maxmud Yuldaşev və başqaları Xocalı soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, Ermənistanın işğalçılıq siyasətindən söhbət açıblar, Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırım olduğunu vurğulayıblar.
Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövıət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri və Bakı Slavyan Universitetinin Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoju Universitetində təcrübə keçən tələbələrinin ifasında Xocalı faciəsi ilə bağlı bədii kompozisiya təqdim edilib.
Mərasimdə həmçinin AMM-nin 2020-ci ilin fevralında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri - azərbaycanlı mərhum şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemalarının təqdimatı da keçirilib.
Çıxış edənlər Ermənistanın işğalçılıq siyasətindən söhbət açaraq şair Oqtay İsmayıllının «Mələklərin soyqırımı» adlı poemasının Azərbaycan xalqının başına gətirilən müsibətlərin, Ermənistanın işğalçılıq və soyqırım siyasətinin poeziyanın dili ilə dünyaya çatdırılmasında mühüm əsər olduğunu vurğulayıblar.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd