Sədr: Qərbi Azərbaycandan 1948-1953-cü illərdə deportasiya olunmuş soydaşlarımızın siyahısının tərtibinə başlayacağıq

post-img

“Qərbi Azərbaycandan 1948-1953-cü illərdə deportasiya olunmuş soydaşlarımızın siyahısının tərtibinə başlayacağıq”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

Onun sözlərinə görə, sonuncu deportasiya – 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımızın adlı siyahısının tərtib olunması işləri demək olar yekunlaşıb:

“Əlbəttə, bundan sonra Qərbi Azərbaycandan 1948-1953-cü illərdə deportasiya olunan soydaşlarımızın siyahısının tərtibinə başlayacağıq. Onlar İosif Stalinin qərarı ilə deportasiya olunublar. Bildiyiniz kimi, Stalinin ölümündən bir müddət sonra 1930-cu və 1940-cı illərdə repressiya və deportasiya olunan bütün insanlara və xalqlara tarixi bəraət verildi, tək Qərbi Azərbaycandan deportasiya olunanlar qaldı, bu, tarixi ədalətsizlikdir”.

İcma sədri xatırladıb ki, Ulu Öndər Heydər Əliyev 1997-ci ildə imzaladığı Fərmanla bu ədalətsizliyə ilk dəfə olaraq tarixi qiymət verdi:

“Belə ki, deportasiyaya siyasi və hüquqi qiymət verilməsi məsələsini qarşıya vəzifə olaraq qoydu. Biz mütləq Ümummilli Liderin bu vəsiyyətini həyata keçirməli, həmin dövrdə deportasiya olunmuş soydaşlarımıza tarixi bəraət verilməsinə, onların varislərinin öz ata-baba yurdlarına qayıtmaq hüququnun Ermənistan dövləti, SSRİ-nin varisi olan Rusiya Federasiyası və dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olmalıyıq. Bundan sonra isə daha əvvəlki etnik təmizləmə, deportasiya və soyqırımı aktlarına aydınlıq gətirilməlidir”.

Əziz Ələkbərlinin AZƏRTAC-a müsahibəsinin geniş versiyası ilə bu linkdə tanış ola bilərsiniz.

Siyasət