“Araz Vadisi İqtisadi Zonası” bölgəyə dirçəliş gətirir

post-img

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə sənaye parkları yaradılır. Onlardan biri də Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır.  200 hektar ərazini əhatə edən parkda işlər mərhələli şəkildə davam etdirilir. O, tam fəaliyyətə başladıqdan sonra burada logistika və anbar kompleksləri, TIR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələri fəaliyyət göstərəcək. Bundan başqa, tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. 

Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, kiçik istehsal və xidmət sahələrinin yaradılmasıeləcə də soyuducu kameraların qurulması planlaşdırılır. Bunlar işğaldan azad edilmiş ərazilərdə qeyri-neft sektorunun inkişafı ilə bərabər, ölkənin qeyri-neft məhsulları ixracında əhəmiyyətli rol oynayacaq.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov dedi:

– Prezident İlham ­Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən, Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin, əsasən, düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. 

 Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni imkanlar yaradacaq.

Ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da sahibkarların fəaliyyət göstərmələri üçün əlverişli biznes mühiti formalaşdırılır, rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. 

– Sənaye Parkında çalışacaq işçilərin rahatlılığının təmin edilməsi üçün hansı işlər görülüb?

– İlkin olaraq parkda çalışacaq işçilərin rahatlılığının təmin edilməsi üçün mobil şəhərcik salınıb. Tikinti aparılacaq sahənin su və elektrik enerjisi ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb, 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Mobil şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb. Şəhərciyin perimetri boyunca hasarlanma işləri başa çatdırılıb.

– Bəs sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait barədə  nə deyə bilərsiniz?  

– Bu sənaye parkında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki “Araz Vadisi İqtisadi Zonası” Sənaye ­Parkında rezidentlər üçün infrastruktur sisteminin qurulması istiqamətində işlər görülür. Qeyd edim ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla – qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber optik xəttlərlə təmin edilirlər. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə (hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi), iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkar tərəfindən istehsal prosesində istifadə edilən bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur.

Eyni zamanda, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı edilir.  

– Hazırda sənaye parkında neçə rezident var və onlar tərəfindən investisiya yatırılıbmı? 

– Yaradılan əlverişli investisiya mühitinin nəticəsidir ki, hazırda sənaye parkının 8 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 59 milyon manatdan çox investisiyanın yatırılması, ­580-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb, 20-dən artıq daimi iş yeri yaradılıb.

Bu rezidentlərdən biri (“Avto Lizinq Azərbaycan”) artıq fəaliyyətə başlayıb. Belə ki, ötən ilin iyununda Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı ilə müəssisənin açılış mərasimi keçirilib. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərilir.

Bu il sənaye parkında daha 3 müəssisənin (2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisələri) fəaliyyətə başlaması planlaşdırılır.

Şərqi Zəngəzur iqtisadi rayonunda biznes mühitinin yaradılması regionunda əlverişli investisiya mühiti yaratmaqla həmin regiona investisiya axınını sürətləndirməklə yanaşı, sahibkarlığın inkişafına səbəb olacaq. Bu kimi tədbirlər həmin ərazilərin qısa müddətdə ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin edəcək.

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Sosial həyat