Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin 2024-cü il yanvar ayının nəticələri

post-img

Сari ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından  verilən məlumata görə, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1098 cinayət faktı aşkarlanıb. Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 831 kiloqram 021,607 qram narkotik vasitələrin və psixotrop maddələrin 86 kiloqram 213,9 qramı heroin, 681 kiloqram 712,79 qramı marixuana, 16 kiloqram 104,876 qramı tiryək, 22 kiloqram 833,55 qramı həşiş, 23 kiloqram 078,491 qramı psixotrop maddələr, 1 kiloqram 078,255 qramı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 69,2 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

2024-cü ilin yanvar ayrı ərzində qanunsuz dövriyyədən götürülmüş 831 kiloqram 021,607 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min AZN kimi qiymətləndirilir.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 29 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kiloqram 862,838 qram və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kiloqram 290,6 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 133 kiloqram 013,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə olunub.

Təhlil göstərir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 36, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 8, qrup halında olan cinayətlərin sayı 5 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 170 nəfər azalıb.

Aşkar edilən ümumi faktların sayı 48 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 2 fakt, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 98 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 156 kiloqram 61,318 qram artıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6847 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxub. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5 faizi) İnyekson Narkotik İstifadəçiləri olub.

“802” qaynar xətt telefon zəng xidmətinə 44 vətəndaş müraciəti daxil olub ki, onların 14-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 17-si narkotik asılılıqdan müalicə, 13-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 31 məktub ünvanlanıb.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Sosial həyat