Çətin və təhlükəli olsa da, işlərinin öhdəsindən uğurla gəlirlər - qadın minaaxtaranlarla söhbət

post-img

Jurnalistlər Ağdamda qadın minaaxtaranların fəaliyyəti ilə tanış olublar.

Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə mediatur təşkil olunub.

Jurnalistlər minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətini yaxından izləyiblər.

Əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşü keçirilib. BAMF-ın prezidenti Umud Mirzəyev “Qadın minaaxtaranlar layihəsi” haqqında məlumat verib. Bildirib ki, layihə BAMF tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir. BAMF-ın rəhbərlik etdiyi layihə çərçivəsində Avropa İttifaqının dəstəyi ilə yalnız qadınlardan ibarət 2 komanda, ABŞ Dövlət Departamentinin dəstəyi ilə isə bir qadın və bir kişi minaaxtaran komanda yaradılmışdır. Layihə heyəti üçün ötən il iyunun 19-da başlayan minaaxtarma kursu sentyabr ayında başa çatıb. Daha sonra onlar sahədə fəaliyyət göstərə bilmələri üçün ANAMA tərəfindən akkreditasiya olunublar. İşə başlamaq üçün hazır vəziyyətə gətirilən komandalar ötən il sentyabrın 25-də Ağdam rayonu Baş Qərvənd kəndi ərazisindəki həm döyüş, həm də mina sahəsində fəaliyyətə başlayıblar. Hazırda, ümumilikdə, 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri, onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərməkdədir.

Hər iki komanda Ağdamın Nəmirli kəndi ərazisində fəaliyyətini davam etdirir. Ümumilikdə isə indiyədək 595 min 258 kvadratmetr ərazi təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

BAMF Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramına 2000-ci ildən sonra qoşulmuş və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas və yeganə QHT tərəfdaşlarından biridir. BAMF-in komandası son 20 ildə ümumilikdə 12 min hektardan çox ərazini minalardan və PHS-dən təmizləmişdir.

BAMF-ın nümayəndəsi Ruslan İbrahimbəyli media nümayəndələrinə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici söhbət aparıb. Diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-dan 2024-cü il fevralın 14-dək 345 nəfər mina qurbanı var, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.

Media nümayəndələri sonra Nəmirli kəndi ərazisində qadın minaaxtaranların fəaliyyəti ilə tanış olublar.

Qadınlarla minaaxtarma qrupunun sahə rəhbəri Nizami Abbasov məlumat verib ki, hazırda Nəmirli kəndi ərazisində gündəlik 103 kvadratmetr sahədə təmizələmə aparılır. Bu günə qədər ərazidən 33 piyada əleyhinə, 5 nəqliyyat əleyhinə mina, 2 partlamamış hərbi sursat aşkar edilib.

BAMF-ın prezidenti Umud Mirzəyev jurnalistlərə müsahibəsində bildirib ki, mina problemi Azərbaycanın hazırda ən əsas problemidir. Bu problemin çözülməsinə həm də Azərbaycan qadınları öz töhfəsini verirlər: “İlkin olaraq 43 qadın müraciət edib. Layihənin icrasına 30-a yaxın xanımla başlanılıb və ANAMA da hərtərəfli dəstək verir. Hazırda olduğumuz ərazilər Qarabağda minalarla ən çox çirkləndirilmiş ərazidir. Bu ərazilərdən bir az o tərəf keçmiş təmas xəttidir. Minatəmizləmə işləri üç üsulla - əllə, itlərlə və siçovullarla aparılır. Hazırda havaların soyuq keçməsi səbəbindən ərazidə siçovullardan istifadə olunmur. Yaz aylarında yenidən siçovullardan da istifadə ediləcək".

Həmsöhbət olduğumuz qadın minaaxtaranlar çətin və təhlükəli olmasına baxmayaraq, işlərinin öhdəsindən gəldiklərini deyib, bu humanitar fəaliyyətlə məşğul olduqları üçün qürur hissi keçirdiklərini bildiriblər.

Flora Şəkərova bu barədə danışarkən deyib: “Hələ uşaqkən birinci Qarabağ müharibəsi zamanından həmişə arzulayırdım ki, Vətənimə xidmət edim. Beş yaşımdan başlayaraq idmanla məşğul olmuşam. İdman müəllimi, məşqçi kimi fəaliyyət göstərmişəm. Eşidəndə ki, qadın minaaxtaranlar layihəsinə başlanılır, müraciət etdim. Beləliklə istəyim reallaşdı. Əvvəlcə təlim keçdik. Təlim zamanı bir qədər çətinlik oldu. Sonradan öyrəndik, minaaxtaran işini mənimsədik. İndi heç bir çətinliyimiz yoxdur. Daha çox Ermənistan istehsalı olan piyada əleyhinə minalarla, müxtəlif sursatlarla rastlaşırıq. Təhlükəli olsa da, işimdən qürur duyuram”.

Digər minaaxtaran Seyran Babayeva isə bildirib: “Ağdam rayonunun Abdal-Gülablı kəndindənəm. Hazırda Nəmirli kəndində minalarla çox çirkli bir ərazidə işləyirik. Bu iş bizim üçün çox qürurvericidir. Əvvəl təlimdə bir qədər çətinlik olsa da, artıq heç bir çətinlik duymuruq. Olduqca diqqət və məsuliyyət tələb edən işdir”.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan 2024-cü ilin fevralın 14-dək işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 118 min 502,6 hektar ərazi təmizlənib, 62 min 228 ədəd partlamamış hərbi sursat, 31 min 175 ədəd piyada əleyhinə mina və 18 min 790 ədəd tank əleyhinə mina (cəmi 112.193 ədəd) aşkar edilərək zərərsizləşdirilib.







Sosial həyat