Pakistan mətbuatı: Azərbaycanda tarixi seçkilər keçirilir

post-img

Dünyanın bir çox ölkəsi kimi, Pakistan mətbuatı da Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini diqqətlə izləyir.

Bu ölkənin “Samaa TV“ platformasının yaydığı məlumatda Azərbaycanda keçirilən seçkilərin tarixi əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, bu seçkilərin tarixi əhəmiyyəti, həmçinin onun ölkənin suverenliyinin tam bərpasından sonra keçirilən ilk seçkilər olması və bununla da ölkədə yeni dövrün başlanğıcını şərtləndirməsidir.

Məqalədə Azərbaycan xalqının dövlət başçısı İlham Əliyevə böyük etimad göstərdiyi və bunun əsasında ölkədə sosial və iqtisadi tərəqqiyə inamın dayandığı vurğulanıb. Belə ki, son illər Azərbaycanda ümumi daxili məhsulun əhəmiyyətli artımı müşahidə olunub və bu göstərici 2023-cü ildə 78,7 milyard dollara çatıb, eləcə də iqtisadiyyatın bir sıra sahələrində uğurlara imza atılıb. Ən mühüm uğur isə Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyini tam bərpa olunmasıdır.

Həmçinin qeyd edilib ki, qarşıda Azərbaycan üçün həlli vacib olan ciddi məsələlər var. Belə ki, vaxtilə öz torpaqlarından didərgin salınmış insanlar doğma torpaqlarına geri qayıtmaq istəyirlər. Artıq qayıdışa başlanılıb və bu proses davam etdirilir.

Məqalənin sonunda vurğulanıb ki, Azərbaycanın böyük beynəlxalq tədbirlərə, o cümlədən Formula 1, İslam Həmrəyliyi Oyunları və COP29-a ev sahibliyi etməsi onun qlobal miqyasda artan nüfuzunun bariz göstəricisidir. Bundan başqa, Azərbaycanın Qoşulmama Hərəkatına müstəqil sədr seçilməsi onun beynəlxalq səviyyədə təsir gücünün təsdiqidir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Sosial həyat