Kahramanmaraşda “Azərbaycan” yaşayış məhəlləsi

post-img

Ötən il fevralın 6-da Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ Azərbaycanı da dərindən sarsıtdı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən Azərbaycan xalqı və dövləti heç bir yardım çağırışını gözləmədən qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. 

Azərbaycan hazırda Kahramanma­raş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan ye­nidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.

Türkiyənin Kahramanmaraş vilayə­tində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək. Layihəyə əsasən məhəl­lə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 ya­şayış binası inşa olunacaq. Bu binalar­da ikiotaqlı, üçotaqlı və dördotaqlı 1323 mənzil olacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yer­ləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində his­səsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Azərbaycan Hökuməti­nin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.

Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşa­yış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaq.

Yaşayış məhəlləsində yerləşən ibti­dai məktəb və uşaq bağçasının, baş plan üzrə 11-ci və 12-ci kvartalların tikintisinə başlanılıb. İki kvartalda hər biri dörd­mərtəbəli 16 yaşayış binası inşa edilə­cək. Binalarda ümumilikdə 276 mənzil və 244 qeyri-yaşayış obyekti olacaq.

20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə otaqlar - xüsusi alətlər və tədris materiallarından ibarət emalatxana, musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün iki emalatxa­na, texnologiya, riyaziyyat və mühəndis­lik sahəsində bacarıqların təkmilləşdi­rilməsi üçün emalatxana, kitabxana və idman zalları yaradılacaq.

XQ





Sosial həyat