Aysunun 18 yaşı seçkiyə 1 gün qalmış tamam olacaq

post-img

“61 saylı Qusar seçki dairəsinin ən ucqar məntəqəsi Şahdağın ətəklərində yerləşən Sudur kəndindədir. Burada seçicilər üçün yaradılan şərait Qusar şəhərindəki seçki mənqələrindəki şəraitdən qətiyyən fərqlənmir. Yəni, kənd seçki məntəqəsi yerli qanunvericiliyin tələblərinə və beynəlxalq normalara tam cavab verir”. Bunu secki-2024.az saytına açıqlamasında 61 saylı Qusar dairə seçki komissiyasının (DSK) sədri Cəlil İbrahimov deyib.

O, 7 fevral prezident seçkilərinə hazırlıq prosesinin başa çatdığını bildirib. Dairə üzrə 65 məntəqədə 52 379 seçicinin adının siyahıya daxil edildiyini söyləyən DSK sədri bəzi yaş kateqoriyalarından olan elektoratla bağlı da məlumat verib:

“Qusar seçki dairəsində 18 yaşı 2024-cü ildə tamam olan və səsvermə hüququ qazanan 54 vətəndaş ilk dəfə seçkidə iştirak edəcək. Onların arasında ən gənc seçici fevralın 6-da 18 yaşı tamam olacaq Əlimova Aysu Valeh qızıdır. Ən yaşlı seçici Yüzbəyova Zürüyyət Ərziman qızının isə 97 yaşı var”.

Dairə üzrə 10 seçki məntəqəsində veb-kameranın quraşdırıldığını nəzərə çatdıran C.İbrahimov onu da qeyd edib ki, 61 saylı Qusar dairə seçki komissiyasında bu günədək 795 müşahidəçini qeydiyyata alınıb, rayon sakini olan 66 vətəndaşa qeydiyyatdan çıxma vəsiqəsi verilib. 

Sosial həyat