Ermənistanla “qəddar zarafat” məntiqi

post-img

Yaxud Nikol Paşinyanın ordu ilə bağlı çıxışına sözardı

Ucuz populizm klişelərini hesaba almasaq, Ermənistanın baş naziri Ni­kol Paşinyanın ölkədə ordunun yaradılmasının 32-ci ildönümü ilə bağlı çıxışında diqqətçəkən məqamlar var. Yazımızda onların üzərində daya­nacağıq. Ancaq əvvəlcə bir məsələ barədə söz açmağı vacib sayırıq. 

Birinci Dünya müharibəsində məğ­lubiyyətə uğramış Almaniya acınacaq­lı aqibətə düçar olmuşdu. O zamankı şərtlər İkinci Dünya müharibəsindəki kimi dramatik məzmun daşımasa da, ölkənin silahlanması ilə bağlı qadağa­lar tətbiq edilmişdi. Lakin bütün bunlar Almaniyada faşizm bəlasının baş qal­dırmasının qarşısını ala bilməmişdi. Yekunda Adolf Hitlerin hakimiyyətə yiyələnməsi ilə ölkə işğalçılıq planları qurmağa başlamış və tez bir zamanda istəyini gerçəkləşdirmişdi... 

Bəli, İkinci Dünya müharibəsinin bəşəriyyətə yaşatdığı faciələri sadala­maqla bitməz. Almaniya bütün bunla­ra görə cəzasını aldı. Ölkə iki hissəyə bölündü, onun üzərinə ağır şərtlər qo­yuldu. Ən əsası isə Birinci Dünya mü­haribəsindən sonra olduğu kimi, İkinci Cahan savaşından sonra da Almaniya, faktiki olaraq, silahsızlaşdırıldı, ölkəyə mövcud istiqamətdə məhdudiyyətlər tətbiq edildi.

Əlbəttə, məqsədimiz Hitler Almani­yası ilə Ermənistan arasında müqayisə aparmaq deyil. Ona görə müqayisə aparmırıq ki, Ermənistan törətdiyi fa­ciələrin, yaşatdığı məhrumiyyətlərin böyüklüyünə görə Almaniyadan geri qalır. O səbəbdən paralellərə ehtiyac duymuruq ki, Ermənistan özü miqyas baxımından Almaniya deyil. Yəni, birin­cinin əlində imkan olsaydı, vəhşilik və vandalizm aktları baxımından ikincini geri qoyardı. Hərçənd, Xocalı soyqırımı vəhşətinə görə Ermənistanın nasist Al­maniyasını “üstələdiyini” söyləmək də mümkündür. 

***

Əlqərəz, hazırkı durumda Ermənis­tan müharibə məğlubudur. N.Paşinyan isə məğlub ölkənin lideri qismində çıxış edir və orduda islahatlardan danışır. Deyə bilmərik ki, erməni hökumət baş­çısı, belə demək mümkünsə, günah­ların bağışlandığını düşünür, yəni o zamankı Almaniya Federativ Respub­likasının (Almaniya Demokratik Res­publikası sabiq SSRİ-nin patronajlığı altında idi – red.) 1955-ci ildə NATO-ya qoşulması və Qərbin patronajlığına keçməsi tarixindən ilhamlanır. Ancaq bu adam 44 günlük müharibə olmamış kimi danışır. Savaşın başlanma səbə­bini unudur. Yəni, orduda islahatlardan danışmaqla yanaşı, bildirir ki, Ermənis­tanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Görəsən, “Qarabağ Ermənis­tandır nöqtə” bəyanatını verən Paşin­yan deyildi? Bəlkə, müharibə onun yox, bir başqasının çərənləməsi səbəbindən başlamışdı? Axı, “yeni ərazilər üçün yeni müharibə” şüarını irəli sürən Pa­şinyanın təyin etdiyi müdafiə naziri idi? 

Əlbəttə, Nikol hər şeyi gözəl bilir, xatırlayır və çıxışında Azərbaycanla hücum etməmək haqqında müqavilə imzalamağa hazır olduğunu deyir. Bu yerdə istər-istəməz, yada tarixi Molo­tov-Rubbentrop paktı düşür. Məlum olduğu kimi, 1939-cu ildə Almaniya­nın və SSRİ-nin xarici siyasət idarələ­ri rəhbərləri tərəfindən imzalanmış və onların soyadları ilə tarixə düşmüş bu sənəd dövlətlərin bir-birilərinə hücum etməməsini nəzərdə tuturdu. Amma mövcud pakt birincinin 1941-ci ilin iyu­nunda ikinci üzərinə hücumuna mane­çilik törətmədi. Almaniya sazişi pozdu, Molotov-Rubbentrop paktı boş kağız parçasına çevrildi. Həmin vaxt Kreml-dəkilər Hitlerə inanmaqda yanıldılar. Nəzərə almadılar ki, sürətli silahlana­raq, Avropanı dizə gətirən Almaniyanın SSRİ üzərinə hücumu qaçılmazdır. On­lar, heç olmasa, Birinci Dünya mühari­bəsindən də dərs götürmədilər. 

***

İndi Azərbaycan iki Qarabağ müha­ribəsi görüb. Üstəlik, Ermənistan Alma­niyanın İkinci Dünya müharibəsindən sonra üzləşdiyi aqibəti yaşamayıb. O vaxt sovet qoşunları Berlində Reyxs­taqın binasına bayraq sancmışdılar. Azərbaycanın bayrağı İrəvanda dalğa­lanmayıb. ...Silahlanmaqda olan Ermə­nistanın baş naziri isə deyir ki, ölkəsi qonşu dövlətlərə hücuma keçmək niy­yətindən uzaqdır. Əlbəttə, Paşinyan o anlamda haqlıdır ki, Ermənistan nə Türkiyəyə, nə də İrana təcavüz niyyə­tindədir. 

Biz Nikolun militarist siyasətinin hə­dəfinin Azərbaycan olmadığına inan­mamaqda haqlıyıq. Axı İrəvan, faktiki olaraq, ötən ilin sentyabrınadək işğal­çılıq etmişdi. Kim təminat verə bilər ki, onun hazırda belə bir niyyəti yoxdur? Hakimiyyətə gəldikdən sonra “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verən şəxsin sözlərinə etimad nə dərəcədə düzgündür? Hələ məsələnin digər tərəfi də var. Söhbət “Ermənistanın təhlükə­sizliyi” şəklində ortaya atılmış oyundan gedir.

***

Bəli, Paşinyan çıxışında bildirir ki, Ermənistanın təhlükəsizlik sistemləri və onların işləkliyi ilə bağlı erməni cə­miyyətində özünə yer tapmış əvvəlki ideyalar ölkəyə münasibətdəki qəddar zarafat idi. Heç şübhə yoxdur ki, o, vurğunu 44 günlük müharibənin üzə­rinə qoyur. Yəni, həmin savaşa qədər Ermənistan ordusu ilə bağlı mifin yara­dıldığına eyham vurur. Diqqət yetirək, bu mif hansı müstəvidə uydurulmuşdu. Əlbəttə, Azərbaycan torpaqlarının işğa­lı kontekstində. Bildirilmişdi ki, mübariz və yenilməz erməni ordusu müharibə­də qələbə qazanıb. Paşinyan isə mifə inanaraq danışıqlar prosesini iflic hala gətirmişdi...

Əlbəttə, Birinci Qarabağ mühari­bəsindəki uğurda böyük pay sahibi Ermənistan ordusu olmamışdı. Necə deyərlər, it arabanın kölgəsində yatırdı, elə sanırdı ki, öz kölgəsidir. Ancaq 44 günlük müharibə mifi puç etdi. İndi isə Ermənistanın baş naziri məsələni ölkə­sinin təhlükəsizlik sistemindəki çat kimi qiymətləndirir. Hər halda İrəvan otuz ilə yaxın müddətdə işğalçılıq etməsəydi, nə sabun köpüyünə bənzər mif yara­nacaqdı, nə də hazırkı təhlükəsizlik ça­ğırışları aktual olacaqdı. Fakt budur ki, Ermənistan müasir dövlətçiliyi və varlığı baxımından işğalçılığı seçmiş ölkədir. 

Nikol Paşinyana gəldikdə, o, işğalçı keçmişin ölkəsinə vurduğu ağır zərbəni aradan qaldırmaq üçün fərqli yol tut­malı olduğu halda, silahlanmanı əsas götürür və bunu təhlükəsizlik amili ilə əlaqələndirir. Nəzərə almır ki, Cənu­bi Qafqazda təhlükəsizliyə ən böyük təhdid elə Ermənistanın özüdür. Bunu bütün dünya bilir. Sadəcə bəzi qütblər məsələni birbaşa qoyur, bəziləri isə İrəvandan özlərinin regional “planla­rı” naminə istifadə edir. Yəni, Nikolun “qəddar zarafat” məntiqi bu gün də keçərlidir. Həqiqətən də Ermənistan onu Azərbaycana qarşı yeni mühari­bəyə təhrik edənlərin zarafatlarını nəin­ki ciddi qəbul edir, eyni zamanda, dərin illüziyaya qapılır. 

Paşinyanın “qəddar zarafat” mən­tiqi ona görə keçərlidir ki, o, ölkəsinin yeni, müasir silah və texnika əldə et­mək yolu tutduğundan fəxrlə söz açır və əlavə edir ki, hökumət son illər mövcud istiqamətdə bir neçə milyard dollarlıq müqavilələr imzalayıb. Bu isə hakimiyyətə yeni yiyələnmiş Hitlerin Birinci Dünya müharibəsindəki məğlub Almaniyanı Birləşmiş Millətlər Cəmiy­yətindən çıxarmasına və sürətlə silah­landırmasına bənzəyir. 

Otuz ilə yaxın müddətdə işğalla üz­ləşmiş Azərbaycan, əlbəttə, Ermənista­nın silahlanmasına seyrçi qala bilməz və qalmır da. Yəni, indiki halda Nikolun “orduda islahatlar aparmaq, güclü və döyüşə hazır orduya malik olmaq hər bir ölkənin suveren hüququdur və biz bundan sonra da bu yolla gedəcəyik. Güclü və döyüşə hazır ordu Ermənis­tan Respublikasının suverenliyini, əra­zi bütövlüyünü və müstəqilliyini təmin edən ən mühüm amillərdən biridir” şək­lindəki çıxışı səmimi qarşılana bilməz. 

Erməni baş nazirin fikirlərinin səmi­mi qəbulu həm də ona görə mümkün deyil ki, o, ölkəsinin təhlükəsizliyinin tə­minatı kontekstində iki əsas amilin üzə­rində dayanmaqdadır. Birincisi, xarici əlaqələr, ikincisi isə beynəlxalq hüquq baxımından aparılan siyasətin legitimli­yi. Onun sözlərinə görə, legitimlik, eyni zamanda, Ermənistanın xarici təhlükə­sizliyinin təmin edilməsində ən mühüm amil olmalıdır. Bu nə deməkdir? Əl­bəttə, avantüra və reallıqların təhrifi, habelə Azərbaycanın haqlı mövqeyini nəzərə almamaq. 

Doğrudur, Paşinyan Ermənistanın özünü beynəlxalq ictimaiyyət tərəfin­dən tanındığı ərazi ilə eyniləşdirmə­sinin vacibliyini bildirərkən, müəyyən mənada, konstruktiv sayıla bilər. Yəni, hesab edək ki, bu deyim qonşulara qar­şı ərazi iddiası irəli sürməməkdir. An­caq məsələnin ikinci tərəfinə də diqqət yetirməliyik. Nikol bildirir ki, Ermənista­nın suveren ərazisi ilə eyni olan Ermə­nistan SSR ərazisi qəbul edilməlidir və bu, ölkənin xarici təhlükəsizliyinin təmi­natı üçün strateji əsasa çevrilməlidir. Nəzərə alaq ki, belə bir fikri söyləyən otuz ilə yaxın müddətdə sərhədinin Azərbaycanın Ağdam rayonunda oldu­ğunu iddia edən ölkənin lideridir və o, haqqında söz açdığı məsələni “Azər­baycandan gələn bir sıra aqressiv bə­yanatlara” toxunaraq gündəmə gətirir. Görəsən, fərqinə varırmı ki, silahlanma kontekstində “Azərbaycanın təcavüzü” ritorikasını qabartmaq işğalçılıq niyyəti kimi assosiasiya olunur? Heç şübhəsiz, baş nazirin sözlərindən sonra Ermə­nistanın revanşa hazırlaşması qənaə­ti daha da güclənəcək. Paşinyana və tərəfdarlarına bu lazımdırmı? 

Diqqət yetirək, güclü və döyüşə ha­zır orduya sahiblənməyin hər bir ölkə­nin suveren hüququ olduğunu deyən erməni baş nazir bildirir ki, heç kim Er­mənistanın bu haqqını şübhə altına ala bilməz: “Əgər kimsə hüququmuzu şüb-hə altına alırsa, o zaman bizim varlıq haqqımızı şübhə altına alır. Belə olan halda dövlətçiliyimizi, müstəqilliyimizi, ərazi bütövlüyümüzü mümkün və qey­ri-mümkün üsullarla müdafiə etməkdən başqa çarəmiz qalmayacaq”.

Aydındır ki, Paşinyanın fikri Azər­baycan Prezidenti İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanalla­rına müsahibəsində bildirdiklərinə, bir növ, cavab kimi səslənməkdədir. Belə yanaşmada 44 günlük müharibədən əvvəlki “yeni ərazilər uğrunda yeni mü­haribə” deyimi ilə oxşarlıq axtarıla bilər. Yəni, Azərbaycanın məsələni məhz bu cür qəbul etməsi mümkündür. Çünki işğala məruz qalmış ölkədir. Deməli, Paşinyanın hücum etməməklə bağlı “güclü və geri dönməz zəmanətləri” də boş söz yığınından başqa bir şey sayıl­mayacaq. 

***

Ermənistan müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi də Nikolun fikirlərinin sə­mimiliyinə şübhə yaradır. Digər tərəf­dən, Paşinyan qoşunların tutduqları mövqelərdən geri çəkilməsi fikrini or­taya atır və yenə 1991-ci ilin Alma-Ata Bəyannaməsinə söykənməyə çalışır. O deyir ki, Azərbaycanın və Ermənistanın hazırkı sərhədləri sözügedən sənədə uyğun olaraq dövlət sərhədinə çevrilib və mövcud əsasda 2022-ci il oktyabrın 6-da Praqada qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub. Söhbət Azərbaycan Pre­zidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Paşinyanın görüşündəki razılaşmadan gedir. 

Ancaq məlumdur ki, həmin razı­laşmadan, təxminən, bir il sonrayadək Azərbaycan ərazisində, yəni Qarabağ­da Ermənistanın hərbçiləri qalırdılar və onlar yalnız lokal xarakterli antiterror tədbirlərindən sonra ərazini məcburən tərk etdilər. Deməli, Ermənistan indiyə­dək yalnız zor dilindən anlayıb. Belə olan halda Nikolun ölkəsinin sülh gün­dəliyinə sadiqliyini və bu gündəmdən kənara çıxmayacağını dilə gətirməsi də inandırıcı görünmür. 

Ə.CAHANGİROĞLU

XQ



Siyasət