Yalançı teleqramın gerçək üzü

post-img

Niyə üstümüzə qoşun gəldi? Niyə dinc əhalini gülləyə tuş edib şəhəri al-qana boyadılar? Bu suallar Vətənin azadlığı yolunda canından keçən doğması, əzizi olanları daha çox düşündürür. Onlardan biri də Maral Zamanovadır – 20 Yanvar şəhidi Əliyusif Qocamanovun qızı. 

Maral Zamanova “20 yan­var Şəhid Ailələrinin Hüquqla­rının Təmin Olunması” İctimai Birliyinin sədridir. Çöhrəsində kədərin cizgiləri olan qadınla harada bitəcəyini bilmədiyi­miz bir söhbətə başladıq...

Onun atası, 1933-cü il təvəllüdlü Əliyusif Qocama­nov zəhmətkeş insan olub. Xəzər Dəniz Neft Donan­masında matros işləyib. Gə­midəki matros işi növbəlilik qaydasında olduğundan o, 2 gün evdə, 2 gün işdə olur­muş. Evdə olan günlərində də boş dayanmır, yaşadıqları yerə yaxın olan “Naxçıvan” mehmanxanasının yanındakı qəzet köşkündə işləyirmiş. Onun nəsil-nəcabəti Göyçə mahalından olsa da, Bakıya Ağsudan gəliblər. Əliyusif kişi mərhəmətli, səxavətli insan kimi tanınıb. Ailəsini, qızları Maralı, Şəhlanı, oğlu Hüseyni çox sevib. Gəmiyə növbəyə gedəndə də ilk və son tapşı­rığı uşaqlar olub.

Həmsöhbətim atalı gün­lərini, xoşbəxt uşaqlığını xatırlayır. Atasını onlardan ayıran 20 Yanvar faciəsin­dən ürək ağrısı ilə danışır:

– Atam yanvarın 19-da növbədən gəlmişdi, şəhərdə gəzən söz-söhbətdən də xə­bərdar idi. Amma hamı kimi, o da belə faciə gözləmirdi. Otağa girən kimi küçələrin insanlarla dolu, əksəriyyətinin isə gənclər olduğunu dedi. Əlavə etdi ki, yaşlıların orada olması nəinki lazım deyil, hət­ta onlar cavanları da evlərinə göndərsələr, yaxşıdır. Sovetə etibar yoxdur, bir də gördün, atəş açdılar. Elə bu vaxt tele­vizor söndü. Atam düşündü ki, yəqin qoruyucusu yandı. Anamı qonşuya göndərdi ki, görsün onlarda vəziyyət ne­cədir? Anam gəldi ki, hamının televizoru sönüb. Atam “eybi yox, “Vremya”ya (o vaxt Mos­kvadan verilən xəbərlər proq­ramı) qədər açılar” – dedi. Televiziya işləsəydi, bəlkə də atam evdə oturacaq, küçədə­ki hay-küydən, atəş səslərin­dən xəbərsiz qalacaqdı.

...Qəfil güllə səslərinə ha­mımız diksindik. Atam durub qapıya sarı gedəndə anam “ay Əliyusif, hara?” – deyə onu yolundan saxlamaq istə­di. O isə “çöldən xəbərin var? Hamısı cavan uşaqlardır. Ge­dim, görüm neyləyə bilirəm? Yazığım gəlir onlara”, – dedi və qapıdan çıxdı... O, bir daha geri qayıtmadı. Həmin gecə anamın zəng vurmadığı xəstəxana qalmadı...

...Ertəsi gün meyitxana­ya girən şəhidin qızı Şəhla “Ola bilməz!”– harayı ilə çıxır. Həyat yoldaşı Elmiranın “Ay Əliyusif, neylədin?”– iniltisi ilə uşaqlar atalarını itirdikləri­ni, bir daha görməyəcəklərini anlayırlar. Qoluna cibindən çıxan, qana bulaşmış 500 manatlığı və 301 nömrəsi ya­zılmış bir parça bağlanmışdı. Parçanın üstündəki “Qoca­manov Əliyusif” ad-soyadı hər şeyi deyirdi...

Maral xanım hadisəni görənlərdən eşitdiklərini belə xatırlayır:

– Küçədə olanlar danı­şırdılar ki, Əliyusif kişi atəş açılandan sonra çıxıb. Görüb ki, uşaqlar yaralanıb. Onla­rın yaxınlıqdakı xəstəxanaya çatdırılmasına xeyli kömək edib. Arada atəş açanlara qışqırıb, “Bu uşaqlar sizə ney­ləyib, niyə atəş açırsınız?” – deyə etirazını bildirib. Atamın saqqallılara rusca “görüm, anan-bacın sənin tabutuna girsin, tezliklə gəbərəsən,” – deməyi ilə snayperdən ürə­yinə atəş açılır. 

Həmin vaxt qardaşım Hü­seyn Moskvada həqiqi hərbi xidmətdə idi. Atam dəfələrlə deyirdi ki, gedib onu qaçıra­cağam, vəziyyət yaxşı deyil. Hüseynə məktub yazmışdıq ki, səni gətizdirmək üçün va­lideynlərdən birinin ölümü ilə bağlı yalançı teleqram vura­cağıq, qorxmayasan. O da razılaşmışdı. 

Təsəvvür edin ki, 2 gün sonra hərbi komissarlıqdan atamın ölümü ilə bağlı qarda­şıma teleqram getdi. Hüseyn də bunun razılaşdırılmış ya­lan olduğunu düşünərək sevi­nib. Gələndə isə acı həqiqətlə üz-üzə dayandı...

Maral xanımla söhbətimiz uzanır, xatirələr bir-birini əvəz edir. Bugünkü məşğuliyyə­ti ulə bağlı bildirir ki, ictimai birliyimiz daim 20 Yanvar şə­hidlərinin ailələri ilə təmasda olur, onların qayğılı günlərin­də dəstəyini əsirgəmir. Hər il anım günlərində ölkənin bütün regionlarında idarə, müəssisə və təşkilatlarda ke­çirilən tədbirlər, şəhidlərin xatirələrinin anılması, ailələrə təskinlikdir. 

O, sonda bildirdi ki, atası şəhid olandan sonra vaxtilə işlədiyi, indiki “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollek­tivi ailə ilə əlaqəni kəsmə­di. Ə.Ələkbərov küçəsində, atasının snayperlə vuruldu­ğu yerdə onların dəstəyi ilə barelyefi qoyuldu. Hər il 20 Yanvar günündə kollektiv gül-çiçəklə onu yad edir.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat