Gədəbəydə yaşı əsri adlayan 5 nənə də səs verəcək

post-img

Gədəbəy ilin bütün fəsillərində gözəldir. Qış isə bir başqa aləmdir. Elə ki, dağlar, dərələr, meşələr ağ örpəyə büründü, Gədəbəy toya hazırlaşan gəlinə bənzəyir. Əy­ninə geyinmiş ağ libas ona xüsusi gözəllik verir. 

Vaxt var idi belə qarlı-buzlu havada bir kənddən başqa bir kəndə gedəndə problemlər ortaya çıxırdı. Yollar pis və­ziyyətdə, körpülər yox, adamlar odun so­bası yandırır, bəzən günlərlə işıq üzünə həsrət qalırdılar... Amma son 20 ildə Gə­dəbəy o qədər gözəlləşdi, abadlaşdırıldı, yeni yollar salındı ki, istəyir qar lap dizinə çıxsın, o kəndlərə həvəslə gedəcəksən. Çünki şərait yaradılıb və Gədəbəy əvvəl­ki Gədəbəy deyil.

Bu sətirləri qeyd etməyimiz də təsa­düfi deyil. Rayon mərkəzində 104 saylı Gədəbəy Dairə Seçki Komissiyasının sədri Xaliq Xudaverdiyevlə görüşdükdən sonra öyrəndik ki, fevralın 7-də keçirilə­cək Prezident seçkilərində Gədəbəy ra­yonunda 47 min 796 seçici iştirak edəcək və onlardan 5 nəfərinin yaşı yüzü keçib. Maraqlıdır ki, 5-i də qadındır. Təbii ki, elə həmin an bu uzunömürlü, bir əsri yola salmış ağbirçəklərin yanına tələsdik və qeyd etdiyimiz kimi hərəsinin müxtəlif kəndlərdə, ünvanlarda olması, çoxlu qar yağması bizi qətiyyən narahat etmədi. Çünki nə yollar əvvəlkidir, nə də kəndlər...

Yolumuz Çalburunadır. Kənd rayon mərkəzindən 16 kilometr aralıda yer­ləşir. Hər tərəf ağ örpəyə bürünsə də yol açıqdır. Özü də yol nə yol! Asfalt, geniş, rahat. Bir neçə il qabaq çəkilib. Bax, həmin kənddə, 1920-ci ildə ana­dan olmuş bir seçicimiz var, Səmayə Həsənova, onun yanına gedirik. Haqqın­da o qədər məlumat toplamşam ki, heç görüşünə getməsək də yaza bilərdik. Amma yox, 104 yaşlı bir qadınla görüşüb söhbət etmək, hal-əhval tutmaq həm sa­vabdır, həm də çox maraqlıdır. Bizə yol bələdçiliyi edən kənd icra nümayəndəsi Həsən Həsənli ilə kəndin lap girəcəyində maşından düşüb Çalburunu seyr edirik. Bir gecədə qar o qədər yağıb ki, kimin evi harada yerləşir, uzaqdan bir baxışla ayırd etmək də çətindir.

Nəhayət, Səmayə nənə ilə görüşüb söhbət etmək bizə qismət olur. Oğlu Vüqarın “ana, qonaqların gəlib” demə­yi ilə içəri daxil olub bizə “xoş gəldiniz” deməyi bir olur. Çox sərbəst şəkildə ke­çib masa arxasında əyləşir.Oğlu Vüqar deyir ki, anam uşaqların adlarını əzbər bilir, hamısını tez-tez görə bilməsə də və­ziyyətləri ilə maraqlanır, bizdən soruşur. Məsələn, nəvəsinin biri 44 günlük Vətən Müharibəsi qazisidir. Elmirlə fəxr edir, onu tez-tez oxşayır, nəvaziş göstərir...

Nəvələrdən söz düşmüşkən, Elmirlə birlikdə Səmayə nənənin 30 nəvəsi var. Nəticələrinin sayı 55-ə çatıb. Hətta 2 nə­ticəsi də dünyaya gəlib. 10 övladı olan Səmayə Həsənovanın 4 oğlu və 2 qızı dünyasını dəyişib. O barədə söz düşən­də gözləri dolur, danışmaq istəmir, “kaş onların yerinə...” deyən kimi, Vüqar “ana başlama, 6 ildən sonra sənin 110 illiyini qeyd edəcəyik, sonrasına baxarıq” deyə Səmayə nənənin danışmasına imkan vermir.

Kənd icra nümayəndəsi H.Həsənli də söhbətə müdaxilə edib mövzunu dəyişmək istəyir:

– Nənə, indiyədək neçə seçkidə işti­rak etmisən? – deyə soruşur.

Nənə duruxur, barmaqlarını bir-bir qatlayır və əlləri yumruğa çevriləndə “nə bilim ay bala, sayı yox, hesabı yox” deyir.

– Çalışacağam bu seçkiyə də özüm, öz ayağımla gedim. O səs verilən yeri tanıyıram, bizdən 4-5 yüz metr aralıda, məktəbdə yerləşir. İlham Əliyevi çox istə­yirəm. O gələndən biz qaz, işıq gördük, əsl yol, körpü nə olduğunu bildik. Mənim ayrı namizədim yoxdur, bunu uşaqlarım da bilir...

104 yaşlı bir qadın o qədər sərbəst, məntiqlə, maraqla danışır ki, ayrılmaq olmur və deyə də bilmirik ki, “bizi digər həmyaşıdların da gözləyir”.

104 yaşlı Güllüzar Hüseynova­nın sorağı ilə Düzyurd kəndinə gəlib çıxırıq. Qızı Məryəmin yanında yaşayır. Düzü Məryəm xanımın özü yaşlı olsa da anasına bu cür qulluq göstərməsi, necə deyərlər, hər nazı ilə oynaması, körpə uşaq kimi əzizləməsi bizi heyran edir.

– Bax, ana, bu corabları almışam ki, ayağına geyinəsən, daha bir kənara at­maq üçün yox, deyə üstündə çoxlu ürək şəkilləri olan qaralı-qırmızılı yun corabı onun ayaqlarına dartır.

Gədəbəy Şəhər İƏD nümayəndəsinin müavini Kəmaləddin Məmmədov yavaş­ca qulağıma deyir ki, iki-üç il əvvəl görüş­müşdüm, onda daha qıvraq idi. Görünür yaş öz işini görür. Öyrənirik ki, Güllüzar nənənin 5 nəvəsi, 6 nəticəsi var. O da öz seçimini dilə gətirir, “Kəmaləddin məni yaxşı tanıyır, bu yaşa çatmışam, dilimə yalan dəyməyib. Yalan danışan adam da gözümün düşmənidir. On-on beş il qabaq dediilər ki, deputat seçkiləridir, gəl səs ver. Dedim kənddə, eldə, obada o adam bir iş görüb? Susdular. Mən elə adamlara heç vaxt səs vermərəm. Bax, Preziden­timə qurban olum, kişi kimi söz verdi, kişi kimi sözünün üstündə durub Qarabağı­mızı o mundarlardan təmizləyib bizə qay­tardı. Gədəbəyin özündə nə qədər işlər görüb. Yollar çəkib, körpülər salıb, qazı­mız, işığımız daim var. Bunları eləməsəy­di, indi bir metr meşəmiz də qalmamışdı, hamısını qırıb yandıracaqdılar.

Kiçik Qaramurad kəndinin sakini, hazırda qonşu Dəyirmandağ kəndin­də qızı Cəmilənin yanında yaşayan 104 yaşlı Bəsti Quliyeva ilə də söhbət edə bilirik. Kənd icra nümayəndəsi Xı­dır Məmmədov əvvəlcədən bizi xəbərdar edir ki, 22 nəvəsindən biri, Mehtab Quli­yev 44 günlük Vətən müharbəsində şəhid olub. Daim deyib- gülən, zarafat edən, şən, nikbin olan nənənin elə o vaxtdan çöhrəsinə sanki qara buludlar çöküb, az danışır, kefi açılmır. Amma nəvəsi ilə fəxr edir, deyir oğlum qəhrəmandır, erməniyə düz çökdürüb. 

– Yaxşı yeriyə bilsəydim Mehrabın Zəngilanda həlak olduğu o yüksəkliyə qalxardım, həmin yerin torpağını öpər­dim, deyə nənə yaylığını çıxarır,- o qədər ağlamışam, daha gözlərimin yaşı da qu­ruyub. Amma nə qədər ağlasam da, bir o qədər qürurluyam. İlham Əliyev bizim torpaqları qaytardı, ona qurban olum. Deyirəm nə yaxşı ki, Allah mənə imkan verdi bu günləri gördüm, qələbə sevincini mən də yaşaya bildim. Bundan sonra öl­səm də dərdim yoxdur…

Bəsti nənə bunları deyərkən bir­dən sanki dodağı qaçdı, azacıq gülüm­səyərək “hara ölürəm, hələ gedib İlham balama səs də vermək istəyirəm” dedi. Qeyd edək ki, Bəsti Quliyevanın 40 nə­ticəsi, 7 kötücəsi də var. Özü də hələ 10 övladından 5-i uşaq ikən vəfat edib. Təsəvvür edirsinizmi, indi onlar da sağ olsaydı, Bəsti nənənin nəvə və nəticələ­rinin sayı bəlkə də iki dəfə bundan çox olardı...

…Daha bir 100 yaşlı seçici haqqın­da məlumat verim sizə. Səryaz Hüseynova. “Qumlu” deyilən yaşayış massivində yaşayır. 1924-cü ildə anadan olub. K.Məmmədov bildirdi ki, Səryaz nənənin 8 övladı olub. Hazırda 22 nəvə­si, 30 nəticəsi var. S. Hüseynova ilə gö­rüşüb söhbət edə bilməsək də ona qulluq edənlər bizim xahişimizlə şəklini çəkib göndərdilər. Nə olar, buna da çox sevin­dik. Təki sağ-salamat olsun. Onlar bizim əsri adlayan sərvətlərimizdir, gərək nəyin bahasına olursa olsun, qoruyaq, ömürlə­rini bir qədər də uzadaq.

S.Hüseynovanın yaşıdı, Çaldaş kənd sakini Gülü Qəfərova ilə də görüşümüz baş tutmadı. Kənd icra nü­mayəndəsi Eldar Qocayev dedi ki, hazır­da Daşkəsənin Quşçu kəndində yaşayan qızının yanındadır. Bir müddət qabaq yıxılıb ayağı sınıb, yorğan-döşəkdən tərpənmir. Amma sonra öyrəndik ki, son vaxtlar xeyli dirçəlib, az da olsa gəzə bi­lir. Eldar Qocayev elə bizim yanımızda qızı ilə videogörüntü yaratdı. Nənə məni tanımasa da icra nümayəndəsini tanıdı, dərhal salamladı, hal-əhval tutdu, “yaxşı olsam, seçkiyə özüm gəlmək istəyirəm” dedi.

Gülü nənənin isə hazırda 16 nəvəsi, 22 nəticəsi var.

...Gədəbəydən qaş qaralanda ayrı­lıram. Narın qar yağır. Deyirlər qar yağ­mayanda, necə deyərlər, qış qış kimi keçməyəndə, bu yerlərin adamlarının qa­şı-qabağı açılmır. Belə qəbul olunub ki, qar ruzi-bərəkət gətirir. Amma indi baxı­ram, gədəbəylilər daha çox sevinir, təkcə ona görə yox ki, yaxşıca qar yağır, həm də qarşıdan tarixi bir gün, 7 fevral gəlir...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,

Gədəbəy











Sosial həyat