Şəhidlər xiyabanının əbədi sakini – qərənfil!

post-img

Mən gülləri həmişə sevmişəm. Onlar da insan kimidir. Sevir, sevilir, əzizlənir, içində tikanlısı da var, tikansızı da. Gülləri belə görmüşəm… 

O gün Bakıda acı şimal küləyi əsirdi. Gecədən şəhərə hücum edən ağır tank­lar, zirehli maşınlar yolları al qana bo­yamışdı. Şəhərin “20 Yanvar” dairəsi (o zamanlar bura “XI Qızıl Ordu meydanı” deyirdilər) daha çox insan axınının oldu­ğu məkandakı al qərənfillər artıq ertəsi gündən millətin şəhid olan övladlarına ağı deyirdi. 

Qərənfillər şəhidlərimizin yerdə buz bağlamış qanına ləçəkləri ilə sarğı bağ­lamışdı. Xalqımızla qərənfillərin bu qədər böyük birliyini görməmişdim. Bakı kənd­lərindən qucaq-qucaq qərənfillər şəhərin mərkəzinə axın edirdi. 

Tarixin 20 Yanvar 1990-cı il faciəsini 34 ildir qərənfillər təkrar-təkrar yazır. Sə­daqətli, mərhəmətli, fədakar olduğu qə­dər həssas, hər ağrımıza-acımıza fəryad qoparıb bizdən ayrılmayan qərənfillər… 

Bəli, məhz 20 Yanvar gecəsindən sonra qərənfil gülü bizimlə – xalqımızla birgə sirdaş oldu, yaralarımıza özünün “loğman” sehrini damcılatdı. Susmadı qərənfil… Bütün qərənfilləri harayına ça­ğırdı. Bizim birliyimiz kimi, qərənfillərin də birliyini gördüm. Bakının matəm günləri­nin təsəllisi, qüruru idi qərənfillər… 

20 Yanvar faciəsi zamanı şəhid olan­lar Azərbaycan xalqının birliyi sayəsində həmin Dağüstü parkda al qərənfillərin izdihamı ilə dəfn olundular. Dərdlərimizə məlhəm qərənfillər şəhidlərimizi bağrına basmışdı. Çünki gül məhəbbəti xalqımı­zın gücünə tapınmışdı, bu birliyi heç bir qüvvə sındıra, sarsıda bilməzdi. 

Zamanla addımlayan, vəfalı qərənfil. Hər zaman bizimləsən, məğrursan, qan yaddaşımızı korşalmağa qoymursan. Elə sənin əzəmətin budur, qərənfil! 

Gülçü dostlarım deyirdilər ki, güllər çox həssasdır, onları sevin, qərənfili isə heç bir gülün yanına qoymayın. O, yal­nız qərənfillərlə bir yerdə olmaq istəyir, çox dözümlüdür, gec solur, başqa gül­lərə bənzəmir. 

Düz 34 ildir ki, qərənfil bizimlə yol gəlir. O da bizim kimi kədərlənir, təəssüf­lənir, amma qürurunu sındırmır. Şəhid­lərimizə tər nəfəsi ilə bir məlhəmdir, bir sükutdur qərənfil! Heç vaxt onları tək bu­raxmır. Elə hey isti nəfəsi ilə soyuq mə­zarları bağrına basır. 

Şəhidlərimizi tərk etməyən, yağış kimi məzarlara yağıb, onlarla öyünən qönçə qərənfillər. Tarix yaşayıb, tarix yazan, za­mana sığmayan şahid qərənfillər…

Bura Azərbaycandır! Bura al qərən­fillərin vətənidir! Bura şəhidlik zirvəsini müqəddəs ocaq bilən insanların torpa­ğıdır! 

Qərənfilim mənim, ağlama! Tər nəfə­sinlə həmişə məğrurluğunu saxla. Sən haqq yolunun qərənfilisən! Nə qədər biz varıq, sən də varsan, Qərənfil!

Şəhidlər xiyabanının əbədi sakini –qərənfil! 

Kəmalə ABDİNOVA
XQ



Qan yaddaşı