“Bakıda və lazım gələrsə, Gəncədə...”

post-img

34 il əvvəl əhali şəhərin girəcəyində sovet tanklarının qarşısını necə kəsdi?

Yazının sərlövhəsinə çıxardığım bu üç-dörd söz Mixail Qor­baçovun 1990-cı ilin 15 yanvarında imzaladığı fərmandan gö­türülüb. Sənəddə açıqca deyilirdi ki, “...Bakıda və lazım gələr­sə, Gəncədə fövqalədə vəziyyət elan edilsin...” 

Əslində 20 Yanvar qırğı­nına rəvac verən təkcə bu fərman deyildi. Qorbaçov te­leviziya çıxışlarında da Bakı və Gəncədə “ekstremistlərin cilovlanması üçün” qoşundan istifadə olunacağı ilə hədələ­yirdi.

Bəs o günlərdə Gəncədə nə baş verirdi? Qorbaçov han­sı haqla şəhərdə xalq hərəka­tına qoşulan mərd oğullarımızı “ekstremist” adlandırırdı?

20 Yanvara kimi Gəncə ar­tıq ilk şəhidlərini vermişdi. Ru­zigar Qasımov, Bəxtiyar Əliyev və Abbasqulu Məmmədov. Bu üç vətənpərvər oğul 1990-cı il yanvarın 12-də indiki Göygöl rayonunun Çaykənd, Todan kəndi ətrafında gedən qızğın döyüşlər zamanı mühasirəyə düşərək, ermənilər tərəfindən işgəncə ilə öldürülmüşdülər. Onların cəsədləri bir gün sonra ermənilərdən alınmış və ayın 14-də Gəncədə dəfn olunmuş­du.

Bu igid oğlanların Gən­cədən həmin kəndlərə gedib çıxması təsadüfi deyildi. Çünki keçmiş Şaumyan rayonundan meşənin içi ilə Mardakertə yol çəkildikdən sonra Şaumyan erməniləri ayağa qalxmışdılar ki, biz Dağlıq Qarabağa birləş­mək istəyirik. Hətta qərar da çıxarılmışdı: "Şaumyan rayonu və Çaykənd zonası Dağlıq Qa­rabağa birləşdirilsin".

Şaumyandan Çaykəndə gedən yol da düzəldilmişdi. Bütün planlar hazırlanmışdı. Todan kəndi bu iki yaşayış məntəqəsinin arasında yerlə­şirdi və burada azərbaycanlı­lar yaşayırdı. Ermənilər artıq bir qədər də azğınlaşaraq Çaykənd ətrafına, Göygöl zo­nasına gedib-gələn azərbay­canlılara hücum çəkir, xəsarət yetirirdilər. 

Xatırladaq ki, Ermənistan SSR Ali Soveti Şaumyan (Çay­kənd də daxil olmaqla) rayonu­nu Dağlıq Qarabağın büdcəsi ilə birlikdə müzakirə edəndə Çaykənddə artıq döyüşlər baş­lamışdı. Ölənlərin, yaralanan­ların, girov götürülənlərin sayı hər gün artırdı. Belə bir vaxtda Şaumyan rayonu ilə sərbəst gediş-gəlişə mane olan Todan kəndi mühasirəyə alındı. Kənd dərənin içində yerləşir və ət­rafdakı dağlardan açıq-aydın görünürdü. Yuxarıda, Maraşen kəndinin qarşısında isə ermə­nilərin tankları, pulemyotları, karabinləri hazır vəziyyətə gə­tirilmişdi. Təpənin birinə dolu dağıdılması üçün nəzərdə tu­tulan nəhəng top da qoyulmuş­du. 1990-cı il yanvarın 12-də səhər tezdən isə döyüşlər baş­lanmış, atışmalarda Ruzigar Qasımov, Bəxtiyar Əliyev və Abbasqulu Məmmədov vəhşi­cəsinə öldürülmüşdü. Yanvarın 14-də Hacıkənd qəsəbəsində­ki "Beş ulduz" deyilən təpənin yaxınlığında ermənilər növbəti vəhşiliyə əl atmışdılar. Səhər tezdən vertolyotdan da dinc əhali atəşə tutulmuş, iki nəfər ölmüş, çoxlu yaralanan olmuş­du. Yanvarın 15-də ermənilərin yaşadığı Maraşen kəndindən 40 dəqiqə ətrafa avtomatdan və pulemyotdan atəş açılmış­dı. Yanvarın 18-i və 19-da da ermənilər kəndləri atəş altında saxlamışdılar...

Bu qısa xronologiyanı ona görə nəzərə çatdırdıq ki, Gəncədə fövqəladə vəziy­yət yaratmağa və dinc əhalini “ekstremist” adlandırmağa və beləliklə də, şəhərə qoşun ye­ritməyə əllərinə, necə deyərlər, girəvə düşmüşdü…

Gəncədə fövqəladə vəziy­yət elan olunmasından xəbər tutan əhali bunun qarşısını al­maq qərarına gəlmişdi. Şəhər­də artıq xalq hərəkatının fəal­ları, şəhər rəhbərliyinin bir sıra əməkdaşları, ziyalılar, sadə gəncəlilər – bir sözlə, hamı gözlənilən təhlükənin qarşısını almaq üçün birlikdə fəaliyyətə başlamışdılar.

Mənim yadımdadır, Gəncə­nin dörd tərəfinin girişlərində, hətta şəhərin müxtəlif yerlərin­də adamlar səhərədək tonqal qalayıb onun ətrafına topla­şırdılar. Hamı məsləhətləşirdi ki, sovet qoşunları, xüsusilə tanklar hücum etsə, şəhərə daxil olmağa cəhd göstərsə, onun qarşısını necə alsınlar. Şəhərin ətrafına, o cümlədən aeroporta sovet ordu hissələri, texnika gətirilirdi. 

Qeyd etdiyimiz kimi, Gəncə aeroportunda xeyli sayda ordu qüvvələri toplanmışdı. Onlar Moskvadan Gəncəyə əlavə qüvvə, hərbi texnika gətirən iki qatarı gözləyirdi. O zaman Gəncə Dəmiryol Stansiyasının polis şöbəsinin bölmə rəisi iş­ləyən Yusif Məmmədov bu qa­tarların Bakı-Gəncə istiqamə­tində hərəkət etməsi barədə xəbər tutan kimi Ucar Dəmiryol Stansiyasına gedir. Burada o, stansiyanın rəisi ilə görüşür, Ucardan keçəcək 2674 saylı qatarın saxlanılmasını tələb edir və eyni zamanda Ucar əhalisinə baş verə biləcək ha­disəni başa salır. Ucarın sa­kinləri relslərin üzərinə uzanır və birinci qatar saxlanılır. Eyni qaydada yola düşən 2614 say­lı qatar isə Kürdəmir stansiya­sında saxlanılır.

Qatarların gəlməyəcəyi bi­linir və bir neçə gündən sonra sovet qoşun hissələri Moskva­ya qayıdır.

Yanvarın 22-də isə şəhərə daxil olmaq istəyən tankların qarşısı Gəncənin girəcəyində saxlanılır. “Ya üstümüzdən, ya da qayıdın geri”. Bu sözlər tank polkunun komandirinə çatdırılır və o da yerə düşərkən gözləri minlərlə qoca, cavan gəncəlinin qəzəbli baxışları ilə qarşılaşır.Bir qədər sonra “geriyə”əmri verməyə məcbur olur. Sonralar həmin səhnəni təsvir edən Pyotr Kolesnikov familiyalı bir zabit rus qəzetlə­rinin hansındasa yazmışdı ki, “biz tankları geri çəkməsəydik, onlar həmin tankları dişləri, əlləri ilə parça-parça edəcək­dilər, bunu onların gözlərində gördüm...”

Bu sətirləri qələmə alarkən yadıma bu yaxınlarda şəhid olmasının 220-ci ildönümünü qeyd etdiyimiz Gənə xanı Ca­vad Xan düşdü. Xan da “Gən­cəyə meyitimin üstündən keçə bilərsiniiz” demişdi və oğlu ilə birlikdə qəhrəmancasına həlak olmuşdu. Demək, qəhrəmanlıq ənənəsi illər, əsrlər keçsə də davam edir. 2020-ci ilin Gəncə üçün ağır olan o qanlı oktyabr günlərində, ermənilərin xain­cəsinə şəhəri raket atəşinə tutduğu vaxtlarda biz bunu bir daha gördük. Üz-gözü al qanın içərisində olan 5 yaşlı Bəxti­yarın istehzalı təbəssümünü, nifrət dolu baxışlarını yada sal­mağınız kifayətdir.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,

Gəncə



Qan yaddaşı