Dövlət–özəl tərəfdaşlığı: Stimullaşdırıcı mexanizmlərin tətbiqi gələcəyə böyük ümidlər yaradır

post-img

İşğaldan azad olunmuş ərazilərdə işgüzar fəallığının stimullaşdırılması və sərmayə potensialının təşviqi üzrə layihələrə xüsusi diqqət yetirilir. Bu istiqamətdə xarici investisiya şirkətləri və fondları, eləcə də fərdi və korporativ investorlarla əməkdaşlıq edilir. “Yaşıl energetika”, həmçinin ekoloji cəhətdən təhlükəsiz və səmərəli sosial infrastruktur, bina və digər obyektlərin tikintisi həyata keçirilir, kommunikasiyalar yenidən qurulur, nəqliyyat əlaqələri bərpa olunur. 

Diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, dövlət–sahibkar tərəfdaşlığı­nın səmərəli fəaliyyəti və zəruri stimul­laşdırıcı mexanizmlərin tətbiqi gələcəyə böyük ümidlər yaradır. Bu barədə iqtisad­çı–ekspert Günay Quliyeva işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpasında sahibkarların fəaliyyətinin mühüm rol oynadığını bildirir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılması prioritet istiqamətlərdən biri­dir. Bu baxımdan “Azərbaycan Respubli­kasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” mühüm önəm daşıyır. Proqramda sahib­karlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək ver­mək mühüm amil kimi qeyd edilir”.

Sahibkarlığa dəstək mexanizmləri isə qısa müddətdə bu ərazilərdə biznes fəa­liyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin sayını artırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına əsasən, 1550-dən artıq müraciət daxil olub. Müraciətlərin əhəmiyyətli hissəsi, 1050-si yerli, 500-ü xarici müraciətlərdir. İnvestisiya layihələri üzrə müraciətlərin 36 faizi ticarət və xidmət sektorunun, 27 faizi sənaye sektorunun, 26 faizi aqrar sektorun, 11 faizi isə inşaat, turizm, sə­hiyyə, təhsil və mədəniyyət sektorunun payına düşür. 

Göründüyü kimi, sahibkarların maraq göstərdiyi sahələrdən biri inşaat sektoru­dur. Onlar Qarabağ və Şərqi Zəngəzurda yaşayış binaları tikirlər. Bu gün Ağdam şəhərində ilk yaşayış komplekslərini özəl şirkətlər tikir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər­də (Şuşa rayonu istisna olmaqla) Azər­baycan Respublikası Prezidentinin xüsu­si nümayəndəliyin baş məsləhətçisi Eldar Seyidov bildirib: 

“Azərbaycanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” MMC tərəfindən "Ağdam Rezi­dens" yaşayış kompleksi inşa olunur. Bu kompleks şəhərin mərkəzinə yaxın əra­zidə, məscidin və mərkəzi parkın yaxın­lığında inşa edilir. Eyni zamanda yeni tikilən bina Ağdam–Bərdə yolunun üstün­də yerləşir. Ümumilikdə, 209 mənzildən ibarətdir. 6 mərtəbəli 6 binadan ibarət yaşayış kompleksi tamamlanmaq üzrə­dir. Kompleksin birinci mərtəbələri ticarət və iaşə obyektəri üçün nəzərdə tutulub. Burada ziyarətçilərin rahatlığı üçün hər cür şərait yaradılır. Bu yaşayış kompleksi sözsüz ki, Ağdam şəhərinin yenidən qu­rulması, abadlaşdırılması və inkişafının təmin olunması istiqamətində əvəzsiz töhfəsini verəcəkdir”.

Özəl sektor Ağdam şəhərində daha bir layihənin həyata keçirilməsində iştirak edir. “Park Hill” şirkəti tərəfindən "Park Qarabağ" yaşayış kompleksinin inşası davam edir. Bu kompleksin layihələndiril­məsi Azərbaycanın “Azərbaycan inkişaf”, ABŞ-ın “Gensler” və Türkiyənin “URAL mühəndislik” şirkətləri tərəfindən həyata keçirilib. “Park Qarabağ” yaşayış komp­leksi də şəhərin mərkəzində inşa edilir. Layihənin bu il tamamlanması planlaş­dırılır. 

Hazırda qeyd olunan yaşayış komp­lekslərinin mənzilləri satışa çıxarılıb. Əldə olunan gəlir digər yaşayış binaları­nın tikintisinə yönəldiləcək.

Qeyd edək ki, bu gün özəl sektor Hadrut, Daşaltı və Suqovşanda da inşaat işləri ilə məşğuldur. “PMD Group” MMC həm də Hadrutda özəl sektor üçün in­vestisiya zonasında nəzərdə tutulan ev­lərin tikintisini həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu yaşayış məhəlləsi­nin təməlinin qoyulması mərasimində iş­tirak ediblər. 28 fərdi evdən ibarət məhəl­lədə evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlıdır və sahələri 70-120 kvad­ratmetr arasında dəyişir.

Ümumilikdə, Hadrut qəsəbəsində tikiləcək və bərpa olunacaq obyektlər və ətraf ərazilərin abadlaşması işləri də 2025-ci ildə başa çatması planlaşdırılıb.

Hazırda Suqovuşan qəsəbəsində də yeni yaşayış məhəlləsi salınır. Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 5 çoxmənzilli binanın tikintisi həyata ke­çirilir. Layihə rəhbəri Vidadi Həsənovun sözlərinə görə, yaşayış məhəlləsindəki binaların hər biri beşmərtəbəlidir. 25-i bi­rotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzildən ibarətdir. Artıq üç binanın bi­rinci mərtəbəsinin döşəməsi betonlanıb, ikinci mərtəbədə hazırlıq işləri gedir. Qalan iki binada isə zirzəmidə işlər ye­kunlaşıb. Məhəllədə sosial obyektlər də tikiləcək. 

...Biznes dairələri üçün yaradılan şərait və dövlət tərəfindən dəstək bu sahəyə özəl sektor tərəfindən qoyulan investisyanın həcmini artıracaq. Çünki bu işlər iqtisadi cəhətdən səmərəlidir və eyni zamanda, biznesin sosial məsuliy­yəti nöqteyi-nəzərindən önəmlidir. 

Beləliklə, Qarabağ və Şərqi Zəngə­zur iqtisadi rayonlarında məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mü­hitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi dövlətin prioritetləri arasındadır.

Pünhan ƏFƏNDİYEV
XQ



İqtisadiyyat