20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün

post-img

Azərbaycan Turizm və Menecment Universitetində keçirilən “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbirdə rektor İlham Mədətov totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayətdən söz açıb. 

 20 Yanvar faciəsini “Çağdaş tariximizin qanlı faciə və şanlı mübarizə səhifəsi” adlandıran rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb.  Son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğnu qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanan gülləyə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb.

 Universitetin İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı  məruzəsində bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyi, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. 

Tədbir ulu öndər Heydər Əliyevin şəhid qanının dəyəri haqqında dillər əzbəri “O qanın hər damlasında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır” – kəlamları ilə başa çatıb.

ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, universitetdə gün ərzində 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər sərgilənib. 

Z.HÜSEYNOVA

XQ

 

 





Sosial həyat