Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 19-da 34 saylı Xətai ikinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Yanvarın 22-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır.
Treninqlərdə 40 məntəqədən 240 nəfərin iştirakı nəzərdə tutulub.
Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən Teymur Quliyev və Ülviyyə Məmmədli aparırlar.
İştirakçılara MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.
Dairə seçki komissiyasının sədri Rafael Mehdiyev seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik qaydada keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib. O qeyd edib ki, məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 10-da veb-kamera quraşdırılıb. Sağlamlıq imkanları məhdud seçicilər də diqqətdən kənarda saxlanılmayıb. Belə ki, bu qəbildən olan vətəndaşlar üçün məntəqələrdə panduslar quraşdırılıb.
“Hazırda dairədəki seçki məntəqələrinin sayı 40, seçicilərin sayı isə 49 min 869-dur. Seçicilərin 68-i ilk dəfə səs verəcək”, - deyə R.Mehdiyev qeyd edib.
Qeyd edək ki, treninqlər 33, 35, 36-cı seçki dairələrində də davam edir.