Gələn həftə NATO-nun Soyuq müharibədən sonrakı ən böyük təlimlərinə start veriləcək. Bir neçə ay davam edəcək təlimlərdə 90.000 hərbçi iştirak edəcək. Bu barədə jurnalistlərə NATO-nun Avropadakı Ali Baş komandanı, amerikalı general Kristofer Kavoli məlumat verib.
Xarici KİV xəbər verir ki, “Steadfast Defender” manevrləri gələn həftə başlayacaq və may ayının sonuna qədər davam edəcək. NATO-ya üzv olan 31 ölkənin hər biri, eləcə də hal-hazırda namizəd statusunda olan İsveç də bu hazırlıqlarda iştirak edəcək. Təlimlərdə Rusiyanın NATO-ya üzv ölkələrdən birinə hücumu ilə bağlı tədbirlərin işlənib hazırlanması həyata keçiriləcək. Belə bir hücumun edilməsi, NATO müqaviləsinin kollektiv müdafiəni təmin edən beşinci bəndinin qüvvəyə minməsi deməkdir. Bu bəndin hüquqi gücündən tarixdə yalnız bir dəfə - 2001-ci il 11 sentyabr tarixindən sonra istifadə edilib.
Daha əvvəl Soyuq müharibədən bəri ən böyük təlimlər 2018-ci ildə Norveçdə keçirilib, həmin hazırlıqlarda təxminən 51.000 hərbçi iştirak edib.
“Steadfast Defender” manevrləri Şimali Amerikadan NATO-nun şərq sərhədlərinə qədər müxtəlif ölkələrdə keçiriləcək. Təlimlərdə 50 döyüş gəmisi, 80 uçuş aparatı və 1100-dən çox döyüş maşını iştirak edəcək.
NATO Hərbi Komitəsinin sədri Rob Bauer bildirib ki, təlimlərin miqyası Alyansın yeni hazırlıq səviyyəsini göstərir. Onun fikrincə, vətəndaş cəmiyyəti də Rusiya ilə mümkün müharibəyə daha yaxşı hazırlaşmalıdır.
"Biz sülhə zəmanət olmadığını başa düşməliyik. Buna görə də, bununla bağlı planlar qururuq, münaqişəyə hazırlaşırıq. Biz münaqişə axtarmırıq, lakin hücum anında buna hazır olmalıyıq” – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ukraynadakı müharibə səbəbindən Rusiyanın quru qoşunlarının qüvvəsi azalsa da, hava və dəniz qüvvələri hələ güclüdür.