7 saylı Səbail seçki dairəsində növbəti treninq keçirilib

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 19-da 7 saylı Səbail seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün treninq təşkil edilib.

Yanvarın 22-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının, peşəkarlığının artırılmasıdır. Treninqlərdə ümumilikdə 41 məntəqədən 246 nəfərin iştirakı nəzərdə tutulub.

Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən Hikmət İsmayılov və Anar Əhmədov aparırlar.

Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, ümumiyyətlə bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlandırılıblar. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər zəruri metodiki vəsait, əyani materiallar da verilib.

Treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

7 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov AZƏRTAC-a müsahibəsində seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə səsvermə prosesinin şəffaf və demokratik qaydada təşkili, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib.

Məntəqələrin seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları ilə təmin edildiyini diqqətə çatdıran C.Məmmədov məntəqələrdə qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatların olduğunu da bildirib. Sədr seçki məntəqələrinin 12-sində veb-kameraların quraşdırıldığını da diqqətə çatdırıb. Yanvarın 22-dən sonra protokolların yazılışı ilə bağlı maarifləndirmə treninqləri də keçiriləcək.

“Sağlamlıq imkanları məhdud seçicilərimizi də diqqətdə saxlayırıq. Onların sayı 23 nəfərdir. Məntəqələrimizdə bu qəbildən olan vətəndaşlar üçün panduslar quraşdırılıb. Seçki məntəqəsinə gələ bilməyən sağlamlıq imkanı məhdud insanlarımızın rahat səs verə bilməsi üçün onların evlərinə daşınan qutular aparılacaq. M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanada müalicə alan xəstə seçicilərimiz də var və onların sayı yanvarın 18-nə olan məlumata görə 48 nəfərdir. Biz onlar üçün də daşınan qutulardan istifadə edəcəyik. Mərkəzi Klinikada müalicə alan seçicilərimizin sayı 115 nəfərdir. Onların da səsvermədə iştirakı üçün lazımi şəraiti yaradacağıq”, - deyə C.Məmmədov bildirib.

Dairə seçki komissiyasının sədri bildirib ki, daimi fəaliyyət göstərən məntəqələr üzrə seçici sayı son məlumata görə 50 min 378 nəfərdir. Daimi fəaliyyət göstərən 41 seçki məntəqəsindən əlavə Səbail rayonu ərazisində seçkiyə ən geci 5 gün qalmış işə başlayacaq seçki komissiyaları var. Bunlar Mərkəzi Klinik Xəstəxana, N saylı hərbi hissə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və BP-nin platformasıdır. Bu seçki komissiyalarında 13 məntəqə fəaliyyət göstərir və seçicilərin sayı təxminin 3421 nəfərdir.

C.Məmmədov vurğulayıb ki, bu seçkilərdə 1300 nəfər ilk dəfə səs verəcək. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.





Sosial həyat