Azərbaycanın sabit inkişafının bünövrəsində Ulu Öndər Heydər Əliyevin imzası və zəhməti durur

post-img

Muasir Azərbaycan bu gün, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Qürurla deyə bilərik ki, ölkəmiz nəinki beynəlxalq aləmdə və regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.

Bütün ölkələrin inkişafının prioriteti sabitlikdir. Azərbaycanın sabit inkişafının bünövrəsində Ulu Öndər Heydər Əliyevin  imzası və zəhməti durur. Tarixə nəzər salsaq görərik ki, məhz 1993-2003-cü illərin hadisələri nəticəsində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, həmçinin, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Nəticədə 2003-cü ildə təməli 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hazırki reallıqları biz 2003-cü il ilə yox, 1993-cü il ilə müqayisə etməliyik, ona görə ki, məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.

Bir siyasi həqiqəti də qeyd edək ki, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim edib, çünki son 20 ilin tarixi göz qabağındadır. Bugünki tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Ona görə ki, həmin vaxt Azərbaycanın gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Ulu öndər Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. Həm siyasi müstəvidə, həm də hərbi müstəvidə, eyni zamanda ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi. Azərbaycan xalqı bütün təbəqələri öz işi ilə Qələbəni yaxınlaşdırırdılar. Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı.

 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirildi. Rəşadətli Azərbaycan Ordusu 3 il əvvəl, 44 günlük Vətən Müharibəsində öz sözünü demiş, gücünü göstərmişdi. O cümlədən, lokal antiterror əməliyyatlar zamanı da hərbçilərimiz böyük qəhrəmanlıq göstərdilər. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi. Onu da çox yaxşı bilirdilər ki,  təslim olmasaydılar, məhv olacaqdılar. Qeyd edək ki, Xankəndidə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi və onlar daha tez təslim oldular.  Biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, həmçinin separatist qurumun buraxılması və bütün digər şərtlər. Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik.

2024-cü ilin fevralında növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilər bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmayıb. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, Azərbaycan xalqının, ölkəmizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcıdır. Bu növbədənkənar seçki fərqli olacaq. Ona görə ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək. Belə ki, bütün ərazilərdə keçiriləcək birinci seçkilər məhz prezident seçkiləri olmalıdır.

Dövlətimizin başçısı cənab İlham Əliyevin prezident fəaliyyətinin 20 ili tamamlanır. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu əsaslandırmış xronoloji dövrdür. Prezident İlham Əliyevin ölkə jurnalistlərinin suallarını cavablandırarkən qeyd etdiyi kimi,  yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. 

Azərbaycanın gücü cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Qələbə şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Yetəri qədər silahın ola bilər, yetəri qədər ordun peşəkar təlimlərdə ola bilər, lakin əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.

Fərid Mustafayev 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Sosial həyat