Ədəbi ehtiramlar

post-img

Yazıçı-publisist, naşir Mustafa Çəmənlinin ayrı-ayrı xatirələrdən, kitablardan, məqalələrdən götü­rüb bir başlıq altında redaksiya­ya təqdim etdiyi ədəbi parçalar görkəmli yazıçılarımızın bir-birinin sənətinə, şəxsiyyətinə nə qədər sayğı göstərdiklərinin, önəm və dəyər verdiklərinin, həssaslıqla yanaşdıqlarının göstəricisidir. Bu kiçik yazılardan həm də yazıçı və şairlərimizin maraq dairəsini, dünyagörüşünü, yaradıcılıq mə­ziyyətlərini, insani keyfiyyətlərini öyrənə bilərik. 

Qasım bəy Zakir xatirələrdə

Qasım bəy Zakir Qarabağın bəyzadələrindəndir. Onun doğul­duğu yer Xındırıstan kəndi, ol­duğu yer isə Şuşa qalasıdır. Mən onu görəndə, təqribən, 55 yaşı var idi. Xoşsifət, ucaboy və göy­göz bir adam idi. Həmişə mənim Qurandan dərs dediyim məktəbin qarşısında skamyada əyləşirdi. Hər dəfə də əlində qələm və kağız şeir yazardı. Çox vaxt incə həcv­lər deyərdi, türk və fars dillərində qəsidə, qəzəl, müxəmməs, dörd­lüklər yazıb hamıya verərdi. Zakir mərhumun təxəllüsü idi. Hazırda onun şeirləri pərakəndə halında məlumdur. Ancaq divanı yoxdur.

Mir Möhsün NƏVVAB

Qasım bəy Zakiri görənlərin, o cümlədən atam mərhum Əhməd bəy Köçərlinin rəvayətinə görə, o insan xoşsima, ağ bədənli, uca qamətli bir vücud olub. Göyçək, ağıllı və göy rəngə çalan gözləri var imiş. Simasından, duruş və davranışından nəciblik və rəşadət hiss olunarmış. Danışığı ağıllı və rəvan olduğundan çoxlarını özünə cəlb edərmiş. O, tündxasiyyət ol­duğu üçün tərpənişində həmişə tələskənlik özünü göstərərmiş.

Firidun bəy KÖÇƏRLİ

Molla Pənah Vaqifin getdiyi yolu təqib edən və xalqa yanaş­maq üçün Vaqifdən daha sürətli və cəsarətli addımlar atan şairlə­rimizin başçısı, bayraqdarı Qasım bəy Zakirdir. Ondan əvvəl elin və xalqın dərdlərindən, sözgəlişi qə­bilindən olaraq, üstüörtülü surət­də bir və ya iki beyt yazan tək-tük şairlərimiz olmuşsa da, Zakir kimi cəsarətli, hər bir sinfin eybini, suçunu ap-açıq üzünə çırpıb xə­yanət və cinayətini də tamamilə gözlərinin içinə söyləyən olma­mışdır.

Salman MÜMTAZ

Təqdim etdi:
Z.HÜSEYNLİ
XQ

Sosial həyat