“Susqun könüllər” təqdim edildi

post-img

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Lətifə Rəşidin şəhidlərə həsr edilmiş “Susqun könüllər” adlı kitabının təqdimat mərasimi keçirildi. 

Tədbir fondun dəstəyi və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutdu. 

Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal marşı səsləndirildi. İctimai birliyin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu “Susqun könüllər” adlı kitabın əhəmiyyəti haqqında çıxış etdi.

“Gəncliyə Yardım Fondu”nun sədri Ahmet Tecim çıxış edərək Azərbaycanın ərazi bötövlüyü uğrunda döyüşlərdə şəhid və qazi olan yurddaşlarımıza ömür boyu borclu olduğumuzu, şəhidlərin əziz xatirəsini daim yaşatmalı və gələcək nəsillərə bu fikri, vətən-yurd sevgisini, şəhidlik şərəfini aşılamalı olduğunu bildirib. 

Şəhid General-mayor, Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə xanım, Birinci Vətən müharibəsinin iştirakçısı Əbülfəz Hüseynov, ehtiyatda olan hərbçilər - polkovnik Xətai Baxışov, Hikmət Ağayev, mayor, müharibə əlili Muxtar Həşimov, şəhid ailələri və yaxınları, qazilər çıxış etdilər. 

Mərasimdə vətənpərvərliklə bağlı mahnılar və şeirlər səsləndirildi.

Sonda “Susqun könüllər” kitabının müəllifi, şairə Lətifə Rəşid hər bir vətəndaşın Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası naminə əziz canlarından keçən şəhidlərə borclu olduğunu qeyd etdi. 

Rizvan FİKRƏTOĞLU
XQ



Sosial həyat