Şəmkirin siması dəyişir

post-img

Son vaxtlar Şəmkir rayonunda bir sıra layihələr həyata keçirilir, tikinti, abadlıq-quruculuq işlərinin miqyası genişlənir. Əvvəllər daha çox rayon mərkəzinin abadlaşdırılmasına diqqət yetirilirdisə, indi kənd və qəsəbələrində də işlər dayanmır, sakinlərin daha çox qarşılaşdıqları problemlərin həlli istiqamətində addımlar atılır. Xüsusilə infrastruktur və sosial layihələrin icrası ön plandadır və onlar mərhələli şəkildə uğurla həyata keçirilir.

Müasir standartlara cavab verən yeni yolların sallınması, küçələrin yenilənməsi, parklarda genişmiqyaslı yenidənqurma və təmir-bərpa işlərinin aparılması Şəmkirin simasını nəzərəçarpacaq dərəcədə dəyişdirib. Eyni zamanda, əlaqədar təşkilatlar tərəfindən rayonda elektrik və qaz təsərrüfatlarının, rabitə və internet xətlərinin müasir standartlara uyğunlaşdırılması işi də əhali tərəfindən razılıqla qarşılanır. 

Rayonda infrastrukturun, o cümlədən təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində icra olunan layihələr də diqqət çəkir. Ölkə Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Zəyəm qəsəbəsində  Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılan Əhməd Cəmil adına 1 saylı tam orta məktəb dediklərimizə əyani sübutdur.

Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılır.1176 şagird yerlik 2 korpusdan ibarət məktəb binasında akt və idman zalı, laboratoriya, yeməkxana da müəllim və şagirdlərin istifadəsinə veriləcək. Bundan başqa məktəbin həyətində içməli su anbarı, qazanxana da inşa edilir.

Qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müasir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.

Məktəbdə işlərin gedişi ilə yaxından tanış olan rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev müxbirimizlə söhbət zamanı demişdir:

- Ölkəmizdə, o cümlədən Şəmkirdə həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri birbaşa Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu, bir daha onu göstərir ki, mənfur qonşu 30 ildən çox bir müddətdə başımızı qatsa da, Azərbaycanın gücünü, qüdrətini azalda bilmədi. Biz bundan sonra da daha böyük uğurlara imza atacaq, Azərbaycan dünyanın ən gözəl, ən inkişaf etmiş ölkələri sırasında uğurla addımlayacaq. 

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri,                                                                
Şəmkir









Sosial həyat