Professor Ədibə Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans

post-img

Bakı Dövlət Universitetində professor Ədibə xanım Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə açan rektor Elçin Babayev BDU-nun sevimli və unudulmaz müəllimi, nüfuzlu professoru Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açan görkəmli filoloq-ədəbiyyatşünas, bacarıqlı təhsil təşkilatçısı, fəal ictimai xadim olan professor Ədibə xanım Paşayevanın həyat və yaradıçılığından danışıb. Qeyd edib ki, Ədibə Paşayevanın həyat və fəaliyyəti universitetlə bağlıdır. O, BDU-da ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə də burada başlayıb. Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, Xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub. Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ədibə Paşayeva bir çox kitab və dərsliklərin müəllifidir. Görkəmli alim 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır. 

Ədibə xanım Azərbaycan elmi və təhsilindəki yüksək xidmətlərinə görə “Tərəqqi” medalına, “Qabaqcıl təhsil isçisi”, “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb. BDU-nun 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Həyatını elmə və təhsilə bağlamış Ədibə xanımı elmi ictimaiyyət gözəl alim, novator pedaqoq, qayğıkeş və nəcib insan kimi tanıyır. Onun yaradıcılığı, elmi-pedaqoji, ictimai fəaliyyəti, eləcə də əsl Azərbaycan xanımına xas nəcibliyi Azərbaycan gəncliyi üçün örnəkdir.  

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında qeyd edib ki, Ədibə Paşayeva Azərbaycan elminin, Bakı Dövlət Universitetinin ən görkəmli nümayəndələrindəndir. O, daşıdığı bütün vəzifələr içərisində müəllim vəzifəsini uca tutub, müəllim olduğunu bir dəqiqə belə unutmayıb. Mən Ədibə Paşayevaya müəllimlik kimi müqəddəs vəzifəsini həmişə yüksək səviyyədə daşımasını arzulayıram.

 Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü,  professor Təhsin Mütəllimov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin (MM) üzvü, akademik Nizami Cəfərov, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının dosentləri Sona Çərkəz, Solmaz Əliyeva çıxışlarında Ədibə Paşayevanın Azərbaycan elminin, təhsilinin inkişafında xidmətlər göstərdiyini, yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd ediblər. Çıxışlarda professor Ədibə Paşayevanın ali və orta məktəblər üçün “Rus dili” dərsliklərinin hazırlanmasında xidmətləri xüsusi vurğulanıb.   

Konfransda söz verilən  yubilyar-BDU-nun Rus ədəbiyyatı kafedrasının müdiri, professor Ədibə Paşayeva təbriklərə görə minnətdarlığını bildirib

Daha sonra professor Ədibə Paşayevaya BDU-da uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələrə görə və 80 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edilib. 

 XQ

 

Sosial həyat