Qurban Yetirmişli: Zəlzələdən sonra afterşoklar olacaq

post-img

Xəbər verdiyimiz kimi, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Məsələ ilə bağlı “Xalq qəzeti”nə danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirdi ki, ölkəmizin zəlzələ zonasında yerləşdiyini və nə vaxtsa yenidən yeraltı təkanların baş verə biləcəyini söyləyib: “Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır və layihələr buna əsasən hazırlanır”.

Qurban Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib: “Ola bilsin bu afterşoklar hiss olunmasın”.

Mərkəzin baş direktoru sonda insanları şayiələrə qəti inanmamağa səslədi: “Zəlzələnin yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar. İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxribata, yazılan şayiələrə inanmasınlar”.

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat