Həmin günlərdən bəri yarım əsrə bərabər uzun bir dövr arxada qalıb. Daha dəqiq olsun deyə, gördüyünüz fotonun tarixinə dair qısa qeydləri diqqətinizə çatdırım. Masallı, 1975-ci ilin sentyabr ayı.
“İdman” – “Sport” qəzetlərinin əməkdaşları kimi fotomüxbirimiz Gennadi Malyovla birlikdə Masallının idman həyatı haqqında materiallar hazırlamaq üçün bu rayona ezam olunmuşduq. Orada keçirdiyimiz iki-üç gün ərzində redaksiyanın tapşırığını yerinə yetirərkən bir neçə bədən tərbiyəsi kollektivi ilə yaxından tanış olmaq imkanı qazandıq.
Səfər günlərində Masallı şəhər parkında stolüstü tennis oynamağa da vaxt tapdıq. Həmin saatlarda rayon idmanının, demək olar, bütün “baş qərargahı” ilə birlikdəydik. Şəkildə sağda dayananlar uzun illər ərzində Masallı Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsində çalışmış Məhbub Ağayev, səhv etmirəmsə, “Məhsul” cəmiyyəti rayon şurasının sədri Sücayət müəllim və məşhur yunan-Roma güləşi ustası, vəfatından sonra hər il yeniyetmələr arasında ənənəvi xatirə turniri ilə yad edilən respublikamızın Əməkdar məşqçisi Nadir Ağayevdir.
Stolüstü tennis görüşündə rəqibim, eləcə də, yanımda dayanmış mütəxəssis, deyəsən, Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri idi. Heç görüşün necə nəticələndiyi də yadımda deyil. Amma bunu vacib məqam sanmayaq. Belə görüşlərdə uduzan olmur, səmimiyyət qalib gəlir. Bir sözlə, ezamiyyət yaxşı keçdi, Gena da, mən də Bakıya Masallının idman həyatının bizdə yaratdığı xoş təəssüratla qayıtdıq.
Bir halda ki, 48 il əvvəl – 1975-ci ilin payızında lentə alınmış fotonun köməyilə o uzaq illərdən xatirələri yada saldıq, Masallının idman ənənələri haqqında da danışaq. Bu rayon həmişə öz bacarıqlı idmançıları – xüsusən də güləşçiləri, voleybolçu və futbolçuları ilə fərqlənmişdir. Burada müasir idman bazaları, o cümlədən Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Avropa Olimpiya Komitəsinin ovaxtkı prezidenti Patrik Hikey 2007-ci ilin aprel ayında kompleksin təntənəli açılış mərasimindəki çıxışlarında onun mühüm əhəmiyyətini, Masallı bədən tərbiyəçiləri və idmançıları üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdilər.
Yerli idman həvəskarları əfsanəvi futbolçumuz Anatoli Banişevskinin adını daşıyan stadionda da çoxlu fərəhli anlar yaşamışlar. Yaxın keçmişdə Masallının “Viləş” komandası Azərbaycan çempionatlarında uğurlu çıxışları, mükafata layiq yerləri ilə diqqəti cəlb edirdi. Komandanın baş məşqçisi, bu ilin əvvəlində 63 yaşında həyatı tərk etmiş məşhur mütəxəssis Qəhrəman Əliyev səmimi və mübariz kollektiv yaratmışdı. “Viləş”in hücumçusu Alay Bəhramov isə ölkə çempionatlarının ən sərrast oyunçularından biri kimi tanınırdı, neçə-neçə dəqiq zərbələrindən sonra azarkeşlərin alqışlarını qazanmışdı. Təəssüf ki, bu gün “Viləş”i Azərbaycan Premyer Liqasının iştirakçıları arasında görmürük. Amma Masallının gözəl futbol ənənələrini özünə qaytaracağına ümidimizi də itirmirik…
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist