Nuray Həsənli Bakıdakı Məktəb-Lisey Kompleksinin 2-ci “N” sinfində oxuyur. 5 yaşından paytaxtdakı “Prospekt” idman klubunda bədii gimnastika ilə məşğul olur. Nuray bu yaxınlarda Dubayda keçirilən “Dunastry Rhithmic Gimnastics Cup” adlı beynəlxalq yarışda alətsiz çıxışına görə birinci, topla isə üçüncü yeri tutub.
Nuray XQ-nin əməkdaşına bu barədə söz açarkən həyəcanla dedi ki, o, birinci yer tutduğuna görə Azərbaycan himni səslənəndə buna çox sevinib. Təbii ki, məşqçi Samir Səlimzadə yetirməsinin bu parlaq uğurundan heç də az fərəh və qürur hissi keçirməyib.
Samir müəllim deyir ki, Nuray çox istedadlı qızdır, bu sahədə böyük uğurlar qazana bilər. Təkcə məşqçisi deyil, indi çoxları Nurayın gələcəkdə daha böyük və nüfuzlu yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyinə şübhə etmir.
Nuraya idmanın gimnastika növünə sevgi anasından keçib. Belə ki, anası Gülər Rüstəmqızı gimnastika üzrə idman ustalığına namizəddir. Bir çox beynəlxalq yarışlarda yüksək nəticələr nümayiş etdirib.
Gülər xanım deyir ki, qızının gimnastika ilə məşğul olması onu çox sevindirir. Axı, gimnastika sağlamlıq, düzgün qamət və bədən quruluşu deməkdir: “Əlbəttə, gimnastika həm də xoş ovqat, özünə inam və gözəllik bəxş edir.
XQ