Azərbaycan jurnalistikasına, ali media təhsilinə ağır itki üz verib. Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professoru, Əməkdar jurnalist Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib. Bu acı xəbəri ölkənin elmi-mədəni ictimaiyyəti, ilk növbədə isə, Yalçınn müəllimin çoxsaylı jurnalist yetirməsi dərin kədər və hüznlə qarşıladı.
Yalçın Əlizadə 1940-cı ildə Gəncədə doğulmuş, Bakıda orta və ali jurnalist təhsili almışdı. Bütün şüurlu həyatını, taleyini jurnalistkaya bağlayan Yalçın Əlizadə 1962-ci ildən dövlət teleradiosunda müxtəlif məsul vəzifələrdə çalışmışdı O, 1971-ci ildən məzunu olduğu jurnalistika fakültəsində elmi-pedaqoji işə dəvət edilmiş, ömrünün sonunadək burada fəaliyyət göstərmişdi.
İstedadlı jurnalist və ölkənin ilk teleradio nəzəriyyəçilərindən biri olan Yalçın Əlizadə BDU-da namizədlik dissertasiyasını müdafiə etdikdən sonra, fəaliyyətini jurnalistika fakültəsində müəllim, baş müəllim kimi davam etdirmişdi. Sonralar BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, teleradio jurnalistikası kafedrasının müdiri və fakültə dekanı vəzifələrində çalışmışdı. O, teleradio jurnalistikasının aktual problemlərindən bəhs edən 100-ə yaxın elmi məqalənin, 4 kitabın müəllifi idi.
Sahənin peşəkar mütəxəssisi, təcrübəli pedaqoq, təmənnasız insan olan Yalçın Əlizadə həm də qayğıkeş müəllim, xeyirxah insan, tələbələrinin dostu kimi tanınmışdı. O, yüksək mənəviyyat adamı, dürüst, tələbkar və qayğıkeş pedaqoq idi. Yalçın müəllim adları milli jurnalistikamızın tarixinə əbədi yazılmış Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Tofiq Rüstəmov, Famil Mehdi, Nəriman Zeynalov, Nəsir Əhmədli kimi şəxsiyyətlərin istedadlı davamçılarından biri idi. Redaksiyamızın əməkdaşlarının bir çoxu da Yalçın müəllimin yetirməsidir. Bu mənada ustadımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Yalçın Əlizadənin yarım əsrdən artıq çalışdığı jurnalistika fakültəsində yetirməsi olmuş və sonradan onunla çiyin-çiyinə çalışmış kafedra müdiri, professor Qulu Məhərrəmli isə redaksiyamıza ünvanladığı vida sözlərində yazıb:
– Bugünlərdə ürək ağrısı ilə vidalaşdığımız professor Yalçın Əlizadə uzun illər jurnalistika fakültəsinin dekanı və kafedra müdiri olub. Çoxlarından fərqi onda idi ki, əxlaq və mənəviyyat adamı idi. ustad qələm sahibi, radio yaradıcılığının ən gözəl tədqiqatçısı, əsl alim və klassik pedaqoq idi. Tələbkarlığı ilə xeyirxahlığı həmişə yanaşı olub. Onu mənə ən çox sevdirən daim şəxsi ləyaqət hissini qoruması, prinsipiallığı və parlaq şəxsiyyəti idi.
Yalçın müəllim ümumən ali məktəb tədrisinin, o cümlədən jurnalistika təhsilinin gözəl bilicisi və bacarıqlı təşkilatçı idi. Vaxtilə ölkənin tanınmış alimlərini və praktik media adamlarını jurnalistika fakültəsundə dərs deməyə cəlb etməklə tələbələrdə fərqli maraq yarada bilirdi.
O, vəzifə və mənsəb xatirinə haqsızlığın, kobudluğun, ədəbsizliyin qarşısında susmayıb.
Allah sizə rəhmət eləsin, Yalçın müəllim! Televiziya və radio yaradıcılığının inkişafı, media sahəsi, jurnalistika elmi, jurnalistika təhsili üçün gördüyünüz böyük işlər heç vaxt unudulmayacaq... Bir də jurnalist üçün vacib olan mənəvi keyfiyyətlər – şərə müqavimət, ruhun diriliyi və əxlaqi bütövlük sahəsində şəxsi nümunəniz həmişə yaddaşlarda qalacaq!
Tahir AYDINOĞLU,
İmran HƏSƏNQALA
XQ

