Azərbaycanın üzüm sortları – “Ağ şanı”, “Qara şanı”, “Mədrəsə”, “Meysəri”, “Xındoqnı” və digərləri ölkəmizi nəinki keçmiş postsovet məkanında, bütün dünyada şərabçılıq və üzümçülük ölkəsi kimi məşhurlaşdırmışdı. Ancaq, təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu sahə tənəzzülə uğradı. Onun yenidən dirçəldilməsi və inkişafı isə asan olmadı.
Bu məqsədlə mühüm qərarlar, dövlət proqramları qəbul edildi. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərildi, subsidiyalar, güzəştli kreditlər verildi. Azərbaycan şərabının tanıdılması, təbliği üçün üzüm və şərab festivalları, şərab turları təşkil edildi. Bu cür tədbirlərin keçirilməsi isə şərabçılıq və üzümçülük sahəsinin inkişafını sürətləndirdi.
Bu günlərdə Şamaxı rayonunun Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalının keçirilməsi də yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmasına xidmət edib. Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları tərəfindən müxtəlif çeşidli şərablar nümayiş etdirilib, şərabçılıqla bağlı müxtəlif tədbirlər –şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunub, Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdirilib.
Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda–Tuğda yetişdirilən Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı”dan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da reallaşıb. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva bildirdi ki, sovet dövründə “Xındoqnı” məşhur üzüm sortu olub və istehsalın 4,1 faizini təşkil edib. Bu isə 12 min hektar üzüm bağı deməkdir:
– Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır. Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədi ilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür. Festival Azərbaycan şərabının təbliğində önəmli yer tutur.
“Xındoqnı” üzüm sortu Azərbaycanın ən qədim, qiymətli yerli texniki üzüm sortudur. Vətəni Qarabağdır. Qarabağın dağlıq hissəsindəki üzümlüklərin 85–90 faizini “Xindoqnı” sortunun becərildiyi sahələr təşkil edib. Ondan çəhrayı süfrə şərabı – “Gişi”, yaxud “Xindoqnı”, qırmızı süfrə şərabı – “Qarakənd”, qırmızı şərab – “Qızılqaya”, portveyn şərablardan – “Çəhrayı portveyn”, “Qırmızı portveyn”, “Çartar”, “Xindoqnı” və “Tavkveri” üzüm sortlarının qarışığından “Qobustan” adi qırmızı süfrə şərabı, “Xindoqnı”, “Mədrəsə”, “Tavkveri” üzüm sortlarının qarışığından isə “Ağsu”, “Şahdağ” kəmşirin şərabları, “Xindoqnı” və “Mədrəsə” sortlarının qarışığından – “Azərbaycan portveyni (qırmızı)” və s. adda yüksək keyfiyyətli müxtəlif növ şərablar istehsal edilib. Vaxtilə bu şərablar nəinki respublikada, hətta xarici ölkələrdə də məhşur idi.
Bu qədər böyük potensiala malik üzüm sortu isə, az qala məhv olacaqdı. Ötən əsrin 80-ci illərində erməni separatçıları tərəfindən torpaqlarımıza qarşı başlanmış işğal siyasəti, nəticədə, ərazilərimizin zəbt olunmasına və bu sortun da, az qala, itirilməsinə səbəb olacaqdı. Torpaqlarımız azad edildikdən sonra “Xındoqnı” üzüm sortu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən bərpa edildi. İnstitut əməkdaşları Beyləqan rayonu Daşburun qəsəbəsindəki köhnə üzüm bağlarından (keçmiş Mil Üzümçülük Sovxozu) və Füzuli rayonunun Alıxanlı, Kürdmahmudulu, Əhmədbəyli kəndlərindəki həyətyanı təsərrüfatlardan və köhnə üzüm bağlarından 1800-ə qədər çubuq əkin materialı tədarük edib topladılar. Əkin materialı “Xindoqnu” sortundan ibarət üzüm bağının salınmasında istifadə edildi.
Hazırda o respublikamızda 9,2 hektar sahədə əkilib becərilir ki, onun da 7 hektarı Tuğ kəndindədir (Tuğ kəndində 58,2 hektar üzüm bağları mövcuddur). Yenidən bu sortdan istifadə etməklə şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazası yaradılıb, şərab istehsalı bərpa olunub. Meysəri kəndində keçirilmiş İkinci Üzüm və Şərab Festivalında təqdimatı keçirilən “Xındoqnı” üzüm sortundan alınan yüksəkkeyfiyyətli qırmızı süfrə şərabları da Tuğun üzüm bağlarının məhsulundan istehsal olunub. Şərab, hələlik, satışa çıxarılmayıb, lakin ixracı da nəzərdə tutulub. “Xındoqnı” üzüm sortundan bu vaxta qədər 2 min litr şərab istehsal olunub. Şərab zavodunun özü də Xocavəndin Tuğ kəndində yerləşir.
İnanırıq ki, üzüm və şərab festivallarının Tuğun şərabçılıq turizminin inkişafında böyük rolu olacaq. Bundan başqa, Tuğa şərab turları da təşkil olunmalıdır. Bu turlara qoşulanlar məhsulu bağdan yığmaqdan tutmuş şərabın dadına baxmağadək bir çox şans əldə edəcəklər ki, bu da təbliğat baxımından önəmlidir.
“Xındoqnı” şərabının xarici bazara çıxarılması da nəzərdə tutulur. Onun gələcəkdə bazarda möhkəmlənməsi üçün indidən tanıdılmalı, daha geniş təqdimatı həyata keçirilməlidir. Bu səbəbdən düzgün təbliğat və təqdimat bacarığı çox vacibdir. Reklam işi də düzgün təşkil edilməlidir. Ən əsası, xarici bazarlara digər ölkələrin məhsulları ilə rəqabət apara biləcək “Xındoqnı” şərabı çıxarılmalıdır.
Pünhan ƏFƏNDİYEV
XQ