Dünən HƏMAS rəhbərliyi İsraillə atəşkəs razılaşması fonunda girovların üçüncü qrupunu təhvil verib. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.
İsrail tərəfi daha əvvəl bildirmişdi ki, HƏMAS-ın gün ərzində azad edəcəyi girovların siyahısını əldə edib. Qeyd edək ki, girovların üçüncü raundunun azad edilməsi dörd günlük atəşkəsin üçüncü gününə təsadüf edir.
Girovlar və itkin düşənlər üzrə koordinatorun ofisindən verilən açıqlamada deyilir ki, təhlükəsizlik əməkdaşları siyahıları yoxlayıblar və bu barədə girovların ailələrinə məlumat verilib.
Bu arada İordan çayının qərb sahilində ağır zorakılıq hadisəsi baş verib. Fələstinin Səhiyyə Nazirliyinin rəsmisi bazar günü bildirib ki, İsrail qüvvələri dünən gecə İordan çayının qərb sahilində azı altı fələstinlini güllələyib. Rəsmi Təl-Əviv bu faktı nə təsdiq, nə də təkzib edib.
Dünən HƏMAS axşam saatlarında 13 israilli və 4 taylandlı olmaqla 17 girovu azad edib. Sərbəst buraxılan 13 israillinin əksəriyyəti “Kibbutz Beeri”dən olan yeddi uşaq və altı qadındır. Bundan qısa müddət sonra, İsrail 39 fələstinli məhbusu sərbəst buraxıb.
İsrail Baş nazirinin ofisi bu gün üçün azad ediləcək girovların siyahısını aldığını, bunun dörd razılaşdırılmış mübadilədən üçüncüsü olduğunu bildirib.
Ağ evin milli təhlükəsizlik müşaviri Cek Sallivan “NBC” telekanalının aparıcısına deyib ki, ABŞ-ın ən azı bir amerikalı girovun, 4 yaşlı qızın tezliklə azad ediləcəyinə ümidi var.
Onun sözlərinə görə, həmin amerikalı qız HƏMAS-ın İsrail tərəfindən müxtəlif cinayətlərə görə həbs edilən 150 fələstinlini azad etməyə razılaşdığı 50 girov arasında ola biləcək üç amerikalıdan biridir.
XQ