Bakıda “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli oyun təhsili” mövzusunu əhatə edən və 15 ölkədən 40-dək nümayəndənin iştirak etdiyi Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilib.
Tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, qurumun Ədalətli Oyunlar komissiyasının sədri Xəzər İsayev, Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer iştirak ediblər.
Mərasimdə çıxış edən Mariana Vasileva Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Nazir müavini qeyd edib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Təmsilçilərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətlər sevindirici haldır.
MOK-un baş katibi Azər Əliyev Azərbaycanın son illər bir çox nüfuzlu idman tədbirinə ev sahibliyi etdiyini deyib. Ölkəmizdə artıq üçüncü dəfə Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin keçirildiyini bildirən qurum rəsmisi “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun ədalətli oyun prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu feyr-pley mükafatı olan “Cin Borotra - Karyera” diplomuna layiq görüldüyünü vurğulayıb.
Filip Huzyu çıxışında idmanın müsbət tərəflərinin təbliğ edilməsinin, mənfi hallara qarşı isə tədbirlərin görülməsinin vacib olduğunu bildirib. O qeyd edib ki, ədalətə və bərabərliyə mühüm töhfə verən idmanda irqçiliyə yer yoxdur.
Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer bərabərlik prinsipinin təmin olunmasında sosial təşkilatların da üzərinə məsuliyyət düşdüyünü deyib. Vurğulayıb ki, son zamanlar idmanı siyasətlə qarışdırma hallarına rast gəlinir ki, bu da yolverilməzdir.
Konqresə ev sahibliyi üçün Azərbaycana təşəkkür edən Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin sədri Tyerri Zintz isə ölkəmizin də irqçiliklə mübarizədə öz töhfəsini əsirgəmədiyini vurğulayıb.
MOK-un Ədalətli Oyunlar Komissiyanın sədri Xəzər İsayev əvvəlki illərdə ölkəmizdə bu formatda bir neçə tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib. O qeyd edib ki, bu, dövlət başçımız İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nümunəsidir. Qurum rəsmisi İdmanda irqçiliklə mübarizəyə Azərbaycanın da töhfələr verdiyini deyib.
Sonra Ümummilli lider Heydər Əliyevin idmanla bağlı xatirələrini əks etdirən videoçarx nümayiş olunub.
Konqres çərçivəsində Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlığı təcəssüm etdirən “Ədalətli Oyunlar” mövzusuna həsr olunmuş sərgi keçirilib.
L.QURBANOVA
XQ

