Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SESRIC birgə layihələr həyata keçirəcək

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) arasında gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu imzalanıb.

Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və SESRIC-in Baş direktoru Zehra Zümrüd Selçuk imzalayıblar. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində SESRIC-in Baş direktoru Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı imzalanan sənədə əsasən tərəflər nazirliyin institusional və insan resursları potensialını gücləndirmək məqsədilə xüsusi təlim kursları, seminar, iclas və təlim səfərləri kimi birgə fəaliyyətlərin təşkili və əlaqələndirilməsi, ümumi maraq doğuran mövzular üzrə birgə nəşr, hesabat və tədqiqatların hazırlanması üçün bilik və təcrübə mübadilələrinin aparılması, sosial sahədə birgə layihələrin hazırlanaraq icrası, aidiyyəti statistik məlumatların toplanması və təhlili üzrə potensialın gücləndirilməsi və s. istiqamətlərdə əməkdaşlıq edəcək.

Nazirlikdə keçirilən görüş zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurum tərəfindən İƏT-in orqanı olan SESRIC-lə davamlı tərəfdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. Mərkəzin təşkil etdiyi tədbirlərdə nazirliyin əməkdaşlarının iştirak etdiyi, SESRIC-lə İƏT-n Bakıda fəaliyyətə başlayacaq Əmək Mərkəzi, habelə nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Zehra Zümrüd Selçuk iki qurum arasında əlaqələrin getdikcə genişlənməsi üçün müvafiq işlərin aparıldığını, İƏT-in fəaliyyətə başlayacaq Əmək Mərkəzinin əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Sosial həyat