Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Pediatriya Cəmiyyəti (AzPC) Lənkəranda uşaqların peyvəndlənməsi ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirib. Mərasim Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə təşkil edilib.
İndiyə qədər ardıcıl olaraq müxtəlif regionlarda keçirilən “Mifə yox, elmi sübutlara inanaq: Peyvəndlə bağlı biliklərin artırılması üzrə təlim” adlı tədbir ÜST-nin Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə uyğun olaraq “Heç bir uşağı peyvənddən kənarda qoymayaq” şüarı altında keçirilib.
ÜST-nin ölkəmizdəki ofisindən bildiriblər ki, təlimin məqsədi tibb işçilərinin və valideynlərin peyvəndlənmə ilə bağlı məlumatlılığını artırmaq və vaksinlər barədə yaranmış yanlış təsəvvürləri aradan qaldırmaqdır. Təlimə Lənkəran, Lerik, Yardımlı, Masallı və Astara rayonlarında fəaliyyət göstərən 100-ə yaxın pediatr, tibb işçiləri (tibb bacısı və qardaşı), həmçinin peyvənddən imtina edən valideynlər cəlb olunub.
Mərasimin birinci hissəsində AzPC-nin İdarə Heyətinin üzvləri və Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri Nigar Bayramova, Erkin Rəhimov və Əli Quliyev peyvəndlə bağlı tərəddüdlər barəsində valideynlərlə söhbətlər aparıb və onları maraqlandıran sualları cavablandırıblar. Həmçinin mütəxəssislər son dövrdə yayılan qızılca xəstəliyindən qorunmaq üçün uşaqların peyvənd olunmasının vacibliyi ilə bağlı valideynlərə çağırış ediblər.
Məclisin 2-ci hissəsində isə mütəxəssislər tibb işçiləri üçün uşaq vaksinasiyası, peyvəndlə qarşısının alınması mümkün olan xəstəliklərin ağırlaşmaları, yanlış əks göstərişlər və digər mövzuları əhatə edən sessiyalar keçiriblər.
Zərifə BƏŞİRQIZI
XQ