ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin açılış mərasimi keçirilib. Təlim son illər yaranmış yeni QHT-lər üçün təşkil olunub və təlim prosesinə 100-ə yaxın təşkilat cəlb olunub.
XQ xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, Agentliyin elan etdiyi Qrant müsabiqələrində iştirak edən QHT-lər üçün bu kimi təlimlərin təşkilinə ehtiyac var: “Bu baxımdan, təlimçilərin xüsusi seçildiyini və 2 gün ərzində layihələrin planlaşdırılması, tətbiqi, icrasına nəzarət işlərinin təşkili, ümumən idarəedilməsi ilə əlaqədar QHT-lərin bilik və bacarıqlarının artırılması üçün unikal imkan yaradılıb".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva isə dövlət agentliyinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edərək yeni yaranan QHT-ləri fəal olmağa, yeni təşəbbüslərlə çıxış etməyə, Agentliyin elan etdiyi müsabiqələrdə iştirak etməyə dəvət edib. O, Agentliyin bu layihə ilə QHT-lərə metodiki dəstək verdiyini diqqətə çatdırıb.
Açılış mərasimində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev, ADA Universitetinin təlimçiləri də iştirak ediblər. Daha sonra QHT-lər qruplara bölünərək təlim prosesinə cəlb olunublar.
Qeyd edək ki, təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunacaq.
Anar ƏLİ,
“Xalq qəzeti”