Cavid təbəssümü

post-img

“Tanrı sənin “beş”ini verib”

Hüseyn Cavid gözəl qadını, qızı göydən enmiş mələk sayırdı. Günlərin birində gözəllik ilahəsi kimi füsunkar, lakin bilikdən kasad bir tələbə imtahana gəlir. Suallara cavab verə bilməyən qızın xarici gözəlliyi şairin gözlərini qamaşdırır. Qız cavablarının düz olmadığını bilir və yalvarırmış kimi deyir:

– Müəllim, xahiş edirəm, mənə pis qiymət yazmayın.

Şair gözəllik qarşısında vəcdə gəlir:

– Qızım, Tanrı yaradanda sənin “beş”ini verib. Nə ixtiyarım var, Yaradanın qiymətini korlayam, – deyə qıza “beş” yazır.

“Ya çəkməsilən, ya pivəsatan”

Hüseyn Cavid həmişə səliqəli geyinərmiş, ayaqqabısı isə par-par parıldayarmış. Bir gün ayaqqabısını çəkməsilənə təmizlətdirəndə görür ki, oğlan buna baxıb gülümsəyir.

– Yaxşı oğlan, niyə bic-bic gülürsən? – deyə çəkməsiləndən soruşur.

Çəkməsilən utana-utana, amma yenə gülümsəyərək deyir:

– Bağışlayın, Cavid Əfəndi, siz mənim müəllimim olmusunuz.

H.Cavid əllərini bir-birinə vurub şaqqanaq çəkərək deyir:

– Düz deyirsən, bala, mənim tələbələrim ya çəkməsilən olur, ya da pivəsatan.

“Şairlik deyil ki, bacarmayaq”

Deyilənə görə, Hüseyn Cavid yaxşı nərd oynayırmış. İstedadlı gənc şair Mikayıl Müşfiqlə oyundan isə xüsusi zövq alarmış. Əksər vaxt Müşfiq zəif oynadığından onu məğlub edərmiş. Cavid Əfəndi oyunda bəxti gətirməyən Müşfiqi udan kimi də təvazökarlıqla deyərmiş:

– Bu da şeir deyil ha, yaza bilməyək, oyundur, icad edən gəlsin! 

 

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat