Noyabrın 16-da Laçının Zabux kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 20 ailə olmaqla 71 nəfər Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən köç karvanı ilə yola düşüblər. Həmçinin Tərtər rayonundan 2 ailə olmaqla 10 nəfər, Bərdə rayonundan 1 ailə olmaqla 5 nəfər, Qax rayonundan 1 ailə olmaqla 4 nəfər, Lənkərandan 1 ailə olmaqla 4 nəfər məskunlaşdıqları ərazidən yola salınaraq, Horadiz şəhərində köç karvanına qoşulublar. Beləliklə, Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib.
Ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov, Laçın rayon Polis Şöbəsinin rəisi Adil Əsədov iştirak ediblər.