İsmayıllı “DOST EVİ”ndə 50-yə yaxın daimi əməkdaş çalışacaq

post-img

İsmayıllı “DOST EVİ” 6 emalatxanadan ibarətdir. Burada 10 istiqamət üzrə tədris prosesi təşkil olunacaq. Dulusçuluq, ilk dəfə olaraq misgərlik, - xüsusilə Basqal ənənələrini nəzərə alaraq burada misgərlik istiqamətini xüsusi olaraq müəyyən etdik. Un qənnadı məmulatları, toxuma, tikmə, bədii oyma, xalçaçılıq və bu kimi müxtəlif istiqamətlər üzrə təlimlər keçəcəyik. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı “DOST EVİ” filialının açılışı ilə bağlı deyib.

Nazir bildirib ki, İsmayıllı “DOST EVİ”ndə 50-yə yaxın daimi əməkdaş çalışacaq. Cəlb olunan əməkdaşların da əlilliyi olan insanlar seqmentindən seçilməsinə xüsusi diqqət veriləcək. İl ərzində iki qrup olaraq ən azı 100-120, qrupların profilindən asılı olaraq 150-dək benefisiara tədris keçiriləcək. Düşünürük ki, bu mərkəzin fəaliyyəti Basqal və İsmayıllı, Şamaxı, Ağsuya və bu regiona xüsusi bir əlavə dəstək verəcək.

Mərkəzin turizm baxımından əhəmiyyətinə toxunan Sahil Babayev deyib: “Həm turizm baxımından, orada yaradılan incəsənət nümunələrinin satış sərgisi təşkil olunacaq, həm yaratdığımız inklüziv kafedə əlilliyi olan insanlar gələn turislərimizə, vətəndaşlarımıza xidmət göstərəcək. Onlar üçün iş yerləri yaradılacaq. Burada olan biomarketimiz də inklüziv market olacaq. Orada çalışanlar da məhz həmin həssas kateqoriyadan olan insanlardan cəlb olunacaq”.

Mərkəzin dekabrın 1-dən etibarən tam fəaliyyətə başlayacağını söyləyən nazir qeyd edib ki, bu məşğulluqla bağlı növbəti önəmli addımdır. Bir tərəfdən məhz həssas kateqoriyadan olan insanlarımız bura işə cəlb olunacaqlar. Digər tərəfdən isə bu regionun yaradıcı potensialının üzə çıxarılması, onların öyrədilməsi və son nəticədə o insanların da öz məhsullarını satışa təqdim etməsi üçün imkan yaradılması planlaşdırılır. Burada daimi satış-sərgi mərkəzimiz yaradılacaq. Yəni bir çox istiqamətdə həm burada daimi işləyənlər, həm də benefisiarlar üçün bu yeni bir məşğulluq, öz gəlirini müəyyən etmək, əmək bazarına qatılmaq imkanıdır.

“Bu regional mərkəzdir. Bura Basqal kəndi ilə yanaşı, həm İsmayıllı şəhərindən, həm də Şamaxıdan, Ağsudan və ətraf digər regionlardan da benefisiarların cəlb edilməsini planlaşdırırıq. Bu məqsədlə müvafiq logistik imkanlar təmin olunacaq. Avtobus marşrutları vasitəsilə bizim benefisiarlarımızın gündəlik dərslərə qatılması təmin ediləcək”, - deyə nazir Sahil Babayev əlavə edib.

Sosial həyat