İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır.
Bu fikirlər Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində yer alıb.
“Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir”, - deyən birinci xanım həlak olanların yaxınlarına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.