Zəfər günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası

post-img

 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Zəfərimizin üçüncü ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin verdiyi məlumata görə, aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrinin işçiləri  və İctimai Birliyin könüllüləri iştirak ediblər.

 Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacı əkilib. 

Zəfər bayramı münasibətilə keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.

Anar ƏLİ,

XQ

Sosial həyat