Ulu Öndər Heydər Əliyevin fotosunu kosmosdan nümayiş etdirən astronavtlar Yerə qayıdıblar

post-img

Çinin kosmik stansiyasında beş ay fəaliyyət göstərmiş “Şencou-16” (“Shenzhou-16”) missiyasının astronavtları Yerə qayıdıblar.

Astronavtlar Cin Haypin (heyətin kapitanı), Cu Yancu və Quy Hayçaonu gətirən “Şencou-16” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə oktyabrın 30-u axşam saat 20:37-də “Tienqon” (“Tiangong”) kosmik stansiyasından ayrılıb. Bir neçə orbit manevrindən sonra səhər saatlarında atmosferə daxil olan kapsul təxminən 12 saatlıq uçuşdan sonra oktyabrın 31-də yerli vaxtla səhər saat 8:11-də Qobi səhrasındakı “Donfen” meydançasına enib.

“Şencou-16” misisyasının üzvlərini qarşılamaq üçün hazırlıq işləri bir neçə gün əvvəl başlayıb. Həkimlər Yerə enən astronavtların sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu açıqlayıblar. Onlar daha dərindən tibbi yoxlanış üçün xüsusi tibb müəssisəsinə təxliyə edilib.

Qeyd edək ki, Çinin kosmosa göndərdiyi 11-ci pilotlu missiya olan “Şencou-16”nın kosmos səyahəti mayın 30-da başlayıb. Heyətdəki Quy Hayçao Çinin kosmosa uçan ilk mülki astronavtı kimi tarixə düşüb. General Cin Haypin və polokovnik Cu Yancu isə Çin Xalq Azadlıq Ordusunun zabitləridir. Kosmosa 4-cü dəfə uçmuş Cin Haypin Çin tarixində kosmosa ən çox uçan astronavt olub. Onları Çinin kosmik stansiyasında oktyabrın 26-da start verilmiş “Şencou-17” missiyasının digər 3 astronavtı əvəzləyib.

“Şencou-16” missiyasının astronavtları Azərbaycan ictimaiyyətinə yaxından tanışdır. Belə ki, onlar Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasiminə göndərdikləri videomüraciətdə sürpriz şəkildə 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi zamanı Ümummilli Lider Heydər Əliyevin və gənc İlham Əliyevin astronavtlarla tarixi fotosunu nümayiş etdirmişdirlər. Çinli astronavtlar videomüraciətdə 24-cü Beynəlxalq Astronavtika Konqresinin Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda müvəffəqiyyətlə keçirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevini isə 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi üçün mühüm dəstək göstərdiyini vurğulamışdılar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin









Sosial həyat