Haqverdiyevin həyat gülməcələri

post-img

“Dəli olmusan?”

Əbdürrəhim bəy Haqverdiyevin hə­yat yoldaşı Tükəzban xanım saysız - hesabsız nağıllar bilirmiş, hafizəsi də güclü imiş. Hətta ədib “Pəri-cadu” pye­sinin məzmununu da Tükəzbanın söylə­diyi “Qızıl don” nağılından götürübmüş. Əbdürrəhim bəy “bu qadının savadı ol­saydı, nələr etməzdi” – fikirləşə-fikirləşə bir gün ona deyir:

– Tükəzban, həm yaxşı yaddaşın, həm də gözəl nitqin var. Qadın rolla­rında səhnəyə çıxarmağa da adam tapmırıq. Səndən yaxşı aktrisa olar, nə deyirsən? 

Tükəzban ərinin sözünü ağzında qoyur:

– Kişi, sən lap dəli olmusan, camaat elə sənə şəbihgərdan (şəbeh çıxardan) adını doğru verib. Elə bir o qalmışdı ki, çıxam səhnəyə, atılam, düşəm. Ağlın gəzdiyin yerlərə gedib, deyəsən.

“Əliqulu ağlamasın neyləsin?”

Bir gün Haqverdiyev küçədə ge­dərkən, səkinin kənarında bir uşağın ağladığını görür. Yaxınlaşıb səbəbini xəbər alsa da, uşaq cavab vermir. Ədib axırda naəlac qalıb uşağa deyir:

– Adın nədir, a bala?

Uşaq bu dəfə tez dillənir:

– Əliqulu.

Əbdürrəhim bəy təbəssümlə uşağın başını sığallayır və onu sakitləşdirmək üçün deyir:

– Bir adamın ki, adı Əliqulu ola, o, ağlamasın, neyləsin?

“Sədrin maşınını keçərlər?”

1929-cu ildə Azərbaycan yazıçıla­rı Gürcüstana qonaq gedirlər. Heyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, ka­tibi Süleyman Rüstəm imiş. İki ölkənin yazıçıları görüşəndən sonra bir yerdə Msxeti dağlarına başqa bir tədbirə yol­lanmalı olurlar. 

Ə.Haqverdiyev, C.Məmmədquluza­də və Q.Tabidze bir maşında, A.Şaiq, C.Cabbarlı və S.Rüstəm ikinci maşın­da, o biri yazıçılar da digər maşınlarda arxadan gəlirlərmiş. Haqverdiyevgilin mindiyi maşın birinci gedirmiş. Yolda C.Cabbarlı sürücünün qulağına nə pıçildayırsa, maşın sürətini artırır və Msxetə o biri maşınlardan tez çatır.

Mənzil başında hamı Haqverdiye­vi pərt görür. C.Məmmədquluzadə işi başa düşür və barmağı ilə S.Rüstəmi hədələyir. 

Ə.Haqverdiyev heyətin katibi S.Rüstəmi yanına çağırır və deyir: 

– Bu dəfə günahından keçirəm. Bir daha belə iş görsən, məndən incimə. Adam sədrin maşınını keçməz.

Z.HÜSEYNLİ
XQ



Sosial həyat