Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi mayın 13-də Gəncə şəhərindən start götürüb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışının bu mərhələsində idmançılar Gəncə şəhərindən Naftalan istiqamətində 152,8 kilometr məsafə qət edəcəklər. Yarışın startı Heydər Əliyev prospektindən verilib.
Mərasimin iştirakçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Azərbaycan Velosiped İdman Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri yer alıblar.
Start siqnalı Niyazi Bayramovun iştirakı ilə verilib və velosipedçilər Gəncə küçələri boyunca yarışa başlayıblar.
Qeyd edək ki, beş mərhələdən ibarət beynəlxalq yarışda dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışına mayın 14-də yekun vurulacaq.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri









