“Xalq qəzeti”nin çoxillik dostlarından, fəal müəlliflərindən biri – görkəmli şair-dramaturq, ictimai-siyasi xadim Hidayət Orucov bugünlədə redaksiyamızın qonağı oldu.
Zəngin bədii yaradıcılığı, səmərəli ictimai fəaliyyəti ilə Azərbaycan cəmiyyətində geniş şöhrət və böyük nüfuz qazanmış ziyalıya “xoşgəldiniz” deyən baş redaktor Əflatun Amaşov bildirdi:
– Hidayət Orucov daim redaksiyamızla əlaqə saxlayır. Müdrik ziyalı, ustad qələm sahibi imkan düşdükcə qonağımız olur, faydalı məsləhətləri ilə yaradıcı prosesə əlavə mövzu və ahəng gətirir. Onun ayrı-ayrı əməkdaşlarla dostluğu və daimi əlaqələri də ümumi işimizə kömək olur. Hidayət müəllim Dövlət müşaviri, Dini İşlər üzrə Dövlət Komitəsi sədri, səfir işlədiyi dövrdə həyata keçirdiyi tədbirlərin “Xalq qəzeti”ndə işıqlandırılmasına müstəsna önəm verib, birgə fəaliyyətin səmərəli olmasına çalışıb.
Gənclik illərindən İrəvanda erməni millətçiliyinin acısını dadmış və bu bəlaya qarşı daim mübariz olmuş Hidayət Orucov xəyanətkar qonşunun düşmənçilik əməlləri barədə ardıcıl olaraq qəzetimizdə çıxışlar edib. Onun son illərdə qəzetimizə verdiyi müsahibələr böyük maraqla qarşılanıb. Sevimli dostumuzun yaşının ahıl çağında yaradıcılıq söhbəti aparmaq üçün redaksiyamıza gəlişi bizi ürəkdən sevindirir. Onun bu sevgi-sayğısını Azərbaycan ziyalılığının qəzetimizə dost münasibətinin ifadəsi kimi qəbul edirik.
Çıxış edən əməkdaşlar Hidayət müəllimin məsul vəzifələrdə çalışdığı dövrlərdə daim qəzetimizlə fəal əməkdaşlıq etməsini məmnunluqla yada saldılar. Müstəqilliyin ilk illərində ölkənin 70 illik gündəlik avanqard qəzetini sıradan çıxarmağa çalışanlara qarşı Hidayət müəllimin sərt mövqeyi, qəzetin fəaliyyətini davam etdirməsini dəstəkləməsi isə minnətdarlıqla qeyd edildi. Medianın cəmiyyətdə rolunu kifayət qədər yüksək qiymətləndirən bu rəhbər işçinin və yaradıcı ziyalının səfərlərində həmişə qəzetimizin əməkdaşlarını özü ilə aparması, tamaşalarının premyerasında onları yanında oturtması kimi səmimi münasibət xoş xatirələrlə yadda qalıb.
Hidayət Orucov doğulub-böyüdüyü Qərbi Zəngəzurun Maralzəmin kəndində orta məktəbdə təhsil aldığı illərdən qəzetimizin oxucusu olduğunu, o vaxtdan həmişə bu nəşri ölkənin ictimai-siyasi güzgüsü kimi daim izlədiyini söylədi. O bildirdi ki, rəhbər işlərdə çalışdığı illərdə həmişə “Xalq qəzeti”onun stolunun üstündə olub, hətta səfir kimi ölkədən uzaqda yaşadığı zaman hər səhər işə qəzetimizin internet versiyasını tam nəzərdən keçirməklə başlayıb: “Xalq qəzeti” xalqın maraqlarını müstəqil dövlətimizin siyasəti ilə ən optimal şəkildə əlaqələndirməkdə bütün mediamıza örnəkdir. Bu qəzetin ən kiçik yazısından tutmuş bütöv nömrəsinədək bütün materiallar bu prizmadan əks olunur. “Xalq qəzeti” orta bir oxucunun gündəlik informasiya tələbatının ən ciddi kəsimini dolğun ödəyir”.
Qonaq son bir ildə qəzetimizdə baş vermiş əsas dəyişikliyi – ümumi təbliğatdan obyektiv informasiyaya və konkret təhlilə, aktuallıqla yanaşı, geniş təşviqediciliyə keçidi yüksək dəyərləndirdi. O, ana dilinin təmizliyinin qorunması və onun zəngin ifadəlliliyinin təmin edilməsində qəzetin ciddi, dəyişməz mövqeyini və fəal rolunu da qeyd etdi.
Hidayət müəllim Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, ölkəmizdə “Heydər Əliyev İli” ilə bağlı qəzetin verdiyi müxtəlif səpkili, çoxsaylı materiallardan ayrıca söhbət açdı. Ədib bildirdi ki, Ulu öndərin rəhbərliyi altında çalışmış sabiq rəhbər işçilərin onunla bağlı qəzetdə dərc olunan silsilə yazıları, açıqlamaları dünya miqyaslı siyasətçi və dövlət xadiminin mükəmməl obrazının çağdaş oxuculara çatdırılmasında olduqca önəmlidir. Belə yazılar xalqımızın ulu oğlunun zəngin bioqrafiyasına işıq tutur, onun misilsiz fəaliyyətinin arxa planındakı bir çox dəyərli məqamlarını gündəmə gətirir.
Yazıçı-dramaturq erməni müllətçilərinin zaman-zaman qüdrətli dövlət xadimi, milli lider Heydər Əliyevdən necə çəkindikləri, onun siyasi meydanda olduğu dövrdə sakitcə qınlarına çəkilmələri ilə bağlı maraqlı məqamlara toxundu. Qonaq bu barədə, ümumiyyətlə, Heydər Əliyevinrəhbərliyi altında işlədiyi dövr barədə xatirə və zəngin təəssüratını qəzetimizdə çap etdirmək niyyətini açıqladı.
Şair-dramaturq sonda kollektivimizə yeni uğurlar arzuladı, həyatının ən önəmli hadisələrinin əks olunduğu, bəzi epizodlarının qəzetimizdə dərc edildiyi irihəcmli “Burdan bir atlı keçdi” xatirələr kitabını redaksiyamıza hədiyyə etdi.
Tahir AYDINOĞLU
XQ