Ağalı kəndinə köçürüləcək 33 ailəyə açarlar təqdim edildi
Dünən zəngilanlılar Zəngilan Şəhəri Gününü ilk dəfə sevinc və qürurla qeyd etdilər. Xatırladaq ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü elan edilib. Bu əlamətdar gün Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi şərəfinə təsis edilib.
2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib, həmin ərazilərə şanlı Azərbaycan bayrağı sancılıb. Zəngilan rayonunun işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində ən uğurlu əməliyyatlardan biri oldu. Bununla Azərbaycan–İran sərhədi tam bərpa edildi və işğal altında qalmış 132 kilometr ordumuzun nəzarətinə keçdi.
Artıq Zəngilanın azadlığa qovuşmasından 3 il keçir. Yer üzündən silinmiş Zəngilan şəhəri Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulur. Azərbaycanda ilk “Ağıllı kənd” layihəsi Zəngilan rayonunda həyata keçirilib. 2023-cü ilin 27 may tarixində, Azərbaycan xalqının müstəqillik günü ərəfəsində rayonun Ağalıkəndində layihənin birinci mərhələsi üzrə açılış mərasimi keçirilib. Birinci mərhələdə Yeni Ağalı kəndinə 41 ailə köçürülüb. Bu ailələr 29 il həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı. Hazırda Ağalıda 133 ailə yaşayır. Yaxın günlərdə bu ailələrin sayı artacaq.
Zəngilan Şəhəri Günündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında mənzillərin püşkatması keçirildi. 33 ailənin (177 nəfər) 10-u üçotaqlı, 15-i dördotaqlı, 8-i beşotaqlı fərdi yaşayış evinin açarlarını qəbul etdi. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Onlar doğma yurda qayıdışla bağlı çox böyük sevinc hissi keçirdiklərini qeyd etdilər. Yaradılan şəraitə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər. Zəngilan köçkünləri tezliklə Ağalı kəndinə yola salınacaqlar.
Hazırda Zəngilanda yeni yaşayış binaları tikilir. 2025-ci ildə şəhərin ilk sakinləri doğma yurda qayıdacaqlar.
***
Zəngilan Şəhəri Günü daha bir hadisə ilə yadda qalıb. Hərbçilərin iştirakı ilə yürüş təşkil olunub. Əvvəlcə Zəngilan Şəhidlər xiyabanı ziyarət edilib. Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
P.ƏFƏNDİ
XQ