Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə Peşələr Festivalı keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dəfə “Peşəni peşəkardan soruş!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçiminə dair məlumatlılığın artırılması, eləcə də iştirakçılarda peşələr barədə əyani təsəvvürlər yaratmaqdır.
Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçiriləcək.
İştirakçılar festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə edəcək.
Festivala ilk olaraq oktyabrın 28-də Quba rayonunda start veriləcək.
Ümumilikdə, festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:
• Quba – 28 oktyabr
• İsmayıllı – 30 oktyabr
• Zaqatala – 1 noyabr
• Şəmkir – 3 noyabr
• Salyan – 5 noyabr
• Ordubad – 9 noyabr
• Naxçıvan – 11 noyabr
• Cəlilabad – 14 noyabr
• Sabirabad – 16 noyabr
• Bakı – 18 noyabr
Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ\UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf\videoqraf peşələri üzrə peşəkar ekspertləri tərəfindən təqdimat və vorkşoplar keçiriləcək.
Tədbirdə iştirak ödənişsizdir.