Musiqimizin solmaz ağ çiçəyi

post-img

Azərbaycan Respublikasının Xalq artisti müğənni Şövkət Ələkbərovanın bu gün ad günündür. O, 1922-ci il oktyabrın 20 -də Bakıda anadan olub, 1993-cü il fevralın 7-də vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Uzun illərdir Şövkət xanımın nəğ­mələri bulaq tək axıb gəlir:

Açdı gül, gün oyandı, 

hər tərəf al boyandı.

Dərdimdən neçə oğlan 

yanar oda qalandı.

Mən güləm, gül üzüm, 

yarım, heç zaman solmaz

Mənim kimi gözəli belə sevməmək olmaz,

Yarım sevməmək olmaz! 

Böyük səhnə mədəniyyətinə malik olan müğənninin siması da, səsi də, davranışı da gözəl idi. Sanki ifa etdiyi “Hamıdan gözəl mənəm” nəğməsi onun özü üçün yazılmışdı. Doğrudan da, ha­mıdan gözəl idi gül üzlü, tuti dilli Şövkət xanım.

Onun ecazkar nəğmələri bu gün də dinləyicilərin könlünü oxşayır, ruhunu qi­dalandırır. Mahnılarla məşhurlaşan de­yil, mahnıları məşhurlaşdıran müğənni idi Şövkət xanım! 

Onun nəğmələri sərhəd tanımayıb, Vətəndən uzaqlarda da ürəklərə yol tapa bilib. Məşhur televiziya aparıcısı Rafiq Hüseynova verdiyi son müsahi­bədə deyib: “Hər kəsin həyatında nara­hatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq, mən xoşbəxt insanam”.

Səni sevməmək günah olar, Şövkət xanım! Sən sevildin, sevilirsən, sevilə­cəksən! Sən musiqimizin solmaz ağ çiçəyisən.

Zülfiyyə ZİYA
XQ

Sosial həyat