Türk Dövlətləri Təşkilatı tarixi irsi qorumağa çağırır

post-img

Bakı konfransında Türk Abidə Menecerləri Şəbəkəsi təsis ediləcək

Dünən Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin səd­ri Şahin Seyidzadə Azərbaycan ərazi­sində mövcud olan maddi mədəniyyət nümunələrinin qorunması tarixi və ge­dişi barədə məlumat verərək bildirib ki, bu məsələ ulu öndər Heydər Əliyevin 1969-cu ildən ölkəyə rəhbərlik etmə­sindən sonra dövlət qayğısı ilə əhatə olunub. 1977-ci ildə Bakı şəhərində İçərişəhərin tarixi hissələri tarix-me­marlıq qoruğu elan edilib. Müstəqillik illərində isə Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən, qoruq ərazisində tarix və mədəniyyət abidələrinin qorunması üçün daim mü­vafiq tədbirlər həyata keçirilir. 

Türk Dövlətləri Təşkilatının baş ka­tibinin müavini Sədi Cəfərov təşkilatın böyük mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində böyük rol oynadığını vurğulayıb. Həmçinin təşkilatın beynəlxalq qurumlarla əmək­daşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. 

Konfransda mədəniyyət naziri­nin müavini Səadət Yusifova, Turizm Agentliyi sədrinin müavini Azadə Hü­seynova, Beynəlxalq Türk Akademi­yasının prezidenti Şahin Mustafayev, TÜRKSOY Baş Katibinin müavini Sait Yusuf, Türk Mədəniyyəti və İrsi Fon­dunun Layihə rəhbəri Nuri Aksu, Azər­baycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfi­ri, UNESCO üzrə Azərbaycan Respub­likasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, Mədəni Mülkiyyətin Qorunmasının və Bərpasının Öyrənil­məsi üzrə Beynəlxalq Mərkəz təşkilatı­nın (ICCROM) direktoru Josef Kinq və Ümumdünya İrs Şəhərləri Təşkilatının baş katibi Mikael dö Tiz (video müra­ciət) çıxışlarında mədəni və mənəvi irsin qorunub zənginləşdirilməsi ilə bağlı qabaqcıl dünya təcrübəsindən, qarşıda duran ümum bəşəri vəzifələr­dən söhbət açıblar. 

Beynəlxalq konfransda tarixi şəhər­lərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruq­larda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə mü­zakirələr aparılıb. Konfrans “Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, “İrs Şəhər­lərində/Məkanlarında Turizmin davamlı inkişafı”, və “İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi” mövzularda tematik panellərlə davam edib. 

Oktyabrın 13-dək davam edəcək konfransda Türk Dövlətləri Təşkilatı­nın Türk Abidə Menecerləri Şəbəkəsi­nin təsis edilməsinə dair Bakı Bəyan­naməsi imzalanacaq.

XQ



Sosial həyat