Ahıllara qayğının əhatəsi artır

post-img

“Sosial xidmət haqqında” Qanuna əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə 465 minədək ahıl (yəni 70 və daha yuxarı yaşda olan) şəxs vardır. Ahıl vətəndaşların rifahında mühüm amil olan pensiya təminatı ildən-ilə gücləndirilir. Təkcə son 5 ildə ardıcıl sosial islahatlar nəticəsində minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya­da 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə layihəsi olan “Bütün yaşlar üçün cəmiyyə­tin qurulması: fəal yaşlanma yolu ilə Azər­baycanda yaşlıların rifahının təşviq edil­məsi” layihəsi yaşlı, ahıl şəxslərə önəmli dəstəkdir. Ötən dövrdə həmin şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə xidmət edən müxtəlif tədbirlər həyata ke­çirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisə­sində hazırda 200-dən çox ahıl şəxs döv­lət himayəsində yaşayır. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yer­lik əlavə korpus istifadəyə verilib. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəz­lərinə, müxtəlif istirahət mərkəzlərinə ek­skursiyaları, gəzintiləri və s. təşkil olunur.

Agentlik tərəfindən bu il tənha və əlil­liyi olan 5 min 300 şəxsə evlərində sosi­al-məişət xidmətləri göstərilib ki, onlardan 4 min 700-dən çoxu ahıl şəxslərdir. Son il­lər sosial xidmət sistemində yeni istiqamət kimi, ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb.

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı il­lər üçün Dövlət Proqramı”na əsasən isə 2024–2026-cı illərdə əlilliyi olan və ahıl şəxslər üçün bir sıra bölgələrdə mobil xid­mət mərkəzlərinin də yaradılması nəzərdə tutulub. Bu mərkəzlər həmin şəxslərə on­lara lazım olan yardım və sosial xidmət­lərdən daha çevik faydalanmağa imkan verəcək.

Proqramla ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, bilik və bacarıq­larından məqsədyönlü istifadə edilməsi və s. ilə bağlı layihələr də həyata keçiriləcək.

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat