Azərbaycanın Belarus əsilli Milli Qəhrəmanının xatirəsi anılıb

post-img

Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları və hərbi attaşe aparatının nümayəndələri Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli Anatoliy Nikolayeviç Davidoviçin məzarını ziyarət edərək önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Səfirlikdən bildiriblər ki, sonra Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviç evində ziyarət olunub, onun səhhəti və qayğıları ilə yaxından maraqlanılıb, səfirlik adından ona sovqat verilib.

Səfir Ülvi Baxşəliyev Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək həlak olan mayor A.N.Davidoviçin göstərdiyi şücaət və igidliyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini, ölümündən sonra onun Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü bildirib.

Diplomat vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günündə A.N.Davidoviçin məzarının ziyarət olunması ona olan ehtiramın ifadəsidir.

Səfir, həmçinin Azərbaycan-Belarus münasibətlərinə toxunub.

K.Davidoviç oğlunun xatirəsinə olan dərin ehtirama, eləcə də özünə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və dövlətinə minnətdarlığını bildirib. Milli Qəhrəmanın anası Azərbaycanın Qarabağda suveren hüquqlarını bərpa etməsi və ölkənin ərazi bütovlüyünün təmin olunmasını böyük sevinclə qarşıladığını vurğulayıb.









Sosial həyat