Avropa İttifaqı Azərbaycan –Ermənistan sülh vasitəçiliyi yolunda

post-img

Bakının haqlı mövqeyi qəbul edilir

Dünən başlanmasının üç ilini Anım Günü kimi qeyd etdiyimiz 44 günlük Vətən müharibəsi yalnız Cənubi Qafqaz regionu ilə bağlı deyil, bütövlükdə Yaxın və Orta Şərq coğrafiyası üçün yeni reallıqlar formalaşdırdı. Qətiyyətlə və fəxrlə demək olar ki, bu reallıqların müəllifi Azərbaycan Respublikası və dövlətimizin başçısı cənab İlham Əliyevdir. 

Əlbəttə, müharibədən ötən müddət­də biz bir xalq olaraq yeni durumun daha geniş anlamda dərki naminə mübarizə apardıq. Bu yolda Ermənistanın, ermə­nipərəst dairələrin müxtəlif siyasi kom­binasiyalı oyunları ilə qarşılaşdıq. Ancaq mübarizəmizə ara vermədik, ardıcıllığı­mızı qoruduq, prinsipial xəttimizə sadiq qaldıq. Harada diplomatik vasitələrdən, nə zaman gücdən istifadənin optimallığı­nı düşünərək düzgün, ölçülü-biçili tədbir­lər gördük. Sentyabrın 19-da başlanmış və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal antiterror tədbirləri də bu müstəvidə verilmiş ən doğru qərar idi. Elə bir qərar ki, otuz ildən sonra ölkəmizə suverenliyi­mizin bərpası xoşbəxtliyini yaşatdı.

Əlbəttə, lokal xarakterli antiterror tədbirlərimiz hərbi güc nümayişi idi. Əvvəldən də bilinirdi ki, qlobal dünya məsələni məhz bu tərzdə qəbul edəcək. Ermənipərəst dairələrin sırf güc ritorika­sına fokuslanaraq əsl həqiqətlərlə ma­nipulyasiya yolu tutmaları da həmçinin. Əslində, 44 günlük müharibə başlananda da oxşar durum yaşanmışdı. Beynəlxalq ictimaiyyət müharibənin dayandırılması ilə bağlı ard-arda çağırışlar səsləndirmiş, ümumən, savaşın qorxunc nəticələrinə köklənmişdi. Ancaq çağırış səsləndirən­lər Ermənistanın torpaqlarımızı tərk edə­cəyi ilə bağlı təminat vermirdi. Təxminən belə: müharibə dayansın, sonra baxarıq. 

Əlbəttə, “baxarıq”, “görərik” kimi de­yimləri çox eşitmişdik və onların işğalçı Ermənistanın mənafeyinə uyğunluğunu bilirdik. Ona görə dayanmadıq, üç il əvvə­lin dünənki günündə çıxdığımız yolu mən­tiqi sonluğa çatdırdıq. Nəhayət, işğalçıları torpaqlarımızdan qovduq, təslim duruma düşmələrinə, şərtlərimizi qəbul etmələ­rinə müvəffəq olduq. Bu, yalnız İrəvanın vəziyyətlə barışması deyildi. Bu, həm də müharibə başlananda bəyanatı bəyanat ardınca sıralayanların da durumla barış­maq məcburiyyəti idi. Bir sözlə, dünya ictimaiyyəti haqlı olduğumuzu, haqlı güc tətbiqinə üstünlük verdiyimizi gördü. 

Lakin Vətən müharibəsindən ötən hər gün ermənipərəst dairələr, saxta “sülh qaranquşları” tədricən aktivləşməyə, dövriyyəyə girməyə başladılar. Regionda yeni reallıqların formalaşmasına maneçi­lik törətməyə girişdilər. Bu amil Ermənis­tan rəhbərliyini, ümumən, xəstə erməni cəmiyyətini yenidən illüziya bataqlığına sürüklədi. Nəticədə, Qarabağdakı sepa­ratçı rejimi ayrıca dövlət kimi təsəvvürə gətirmək cəhdləri təzədən baş qaldırdı, eyni zamanda, rəsmi İrəvan həmin xunta rejimini qorumaq məqsədilə çeşidli ge­dişlərə baş vurdu, regiondakı sülh mən­tiqinə zidd anlayış və baxışlar gündəmə gətirdi. Halbuki, Prezident İlham Əliyev və dövlətimizin rəsmiləri dəfələrlə belə təmayüllərin yolverilməzliyini bildirmiş, xəbərdarlıqlarını çatdırmışdılar. Həmin xəbərdarlıqlara etinasız yanaşıldı və ha­disələrin lokal antiterror tədbirlərinin ger­çəkləşdirilməsinə doğru yön alması qaçıl­maza çevrildi. 

***

Bəli, lokal antiterror tədbirləri haq­lı gücün təntənəsi anı idi. Elə bir an ki, Qarabağdakı separatçılığı yox etməklə yanaşı, onun xarici rıçaqlarını da sıradan çıxardı. Və budur, 44 günlük müharibə­nin nəticələri qəbul edildiyi kimi, antiterror tədbirlərinin nəticələri də eyni qaydada nəzərə alınır. Mövcud məqamı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuat katibliyinin Azərbaycan–Ermə­nistan münasibətlərinin normallaşması ilə bağlı yaydığı bəyanat da təsdiqləmək­dədir. Qeyd edək ki, bəyanat Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələlə­ri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 26-da Brüsseldə Ermənista­nın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla, Aİ Şurasının prezidentinin diplomatik müşavirləri Saymon Mordu­nun və Maqdalena Qrononun, həmçinin, Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun təm­silçilərinin, o cümlədən, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xü­susi nümayəndəsi Tovio Klaarın iştirakı ilə keçirilmiş görüşü sonrası qəbul edilib. Göründüyü kimi, görüş Qərbin, kifayət qədər, geniş təmsilçilik egidasına əsasla­nıb. Bu isə o deməkdir ki, toplantı həm Qarabağla, həm də Azərbaycan – Ermə­nistan münasibətlərinin pesrpektivi ilə bağlı ümumi mövqe birliyinin təsdiqi baxı­mından əhəmiyyətlidir.

Prezident Ş.Mişelin qısa fikir müba­diləsi üçün iştirakçılara qoşulduğu görüş­də Qarabağdakı mövcud vəziyyət və yerli əhalinin ehtiyaclarının qarşılanmasına yönələn səylər müzakirə olunub. Bildi­rilib ki, Aİ prosesləri yaxından izləyir və hərbi əməliyyatların mülki şəxslərə təsiri­ni azaltmağa kömək etmək yönündə ən yüksək səviyyədə fəaliyyət göstərməkdə­dir. 

H.Hacıyev ölkəmizin Qarabağdakı yerli erməni əhaliyə humanitar yardımı və təhlükəsizliyin təminatı planlarını açıq­layıb. Əlbəttə, Aİ tərəfindən beynəlxalq humanitar və insan haqları üzrə fəaliy­yət göstərən subyektlər üçün şəffaflığın və əraziyə çıxış ehtiyacının duyulduğu­nun vurğulanması da təbiidir, Bakının Qarabağ ermənilərinin Azərbaycandakı gələcəyinə baxışı haqqında daha ətraflı məlumat verməsinin zəruriliyinin bildi­rilməsi də. Ancaq ölkəmizin qeyd edilən istiqamətlər üzrə artıq indidən görməyə başladığı tədbirlər var. Heç şübhəsiz, qu­rum bunu nəzərə alır. Ancaq bəzi dairələr hələ də musiqilərini, necə deyərlər, köh­nə havalara kökləyirlər. Deməli, Aİ bunu nəzərə almalı, özünün pozitiv məntiqini inkişaf etdirərək təbliğatı gücləndirməlidir ki, sülhə gedən yol rəvan olsun. 

***

Bəli, ümumən, Aİ-nin bəyanatı göstə­rir ki, Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıq dünya birliyi tərə­findən qəbul edilir. Bu bəyanat onu da təsdiqləyir ki, ölkəmizin öz suveren əra­zisindəki qeyri-qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neyt­rallaşdırılmasına yönəlmiş fəaliyyəti tam legitimdir. 

Ermənistan rəhbərliyi, eləcə də dünya erməniliyi lokal xarakterli antiterror təd­birləri zamanı Azərbaycanın hərbi birləş­mələri tərəfindən, guya, mülki əhalinin hə­dəfə götürüldüyünü bildirirdi. Əlbəttə, bu, belə deyildi və real durumu təsdiqləyən faktlar yetərincədir. Ölkəmiz maksimum dərəcədə çalışdı ki, dinc erməni sakinlər zərər görməsinlər və onlar ziyanla üzləş­mədilər. Eyni zamanda, zəruri təbliğat alətlərindən istifadə də gerçəkliyi ortaya qoydu. Ş.Mişelin mətbuat katibliyinin bə­yanatı isə göstərir ki, dünya Ermənistan rəhbərliyinin və ermənipərəstlərin deyil, rəsmi Bakının arqumentlərinə üstünlük verir. Həm də ona görə ki, arqumentlər yalnız haqqa əsaslanır və son dərəcə ob­yektivdir. 

Azərbaycan dövləti Qarabağın yerli erməni sakinlərinin bölgədə qalmalarını və ömür sürmələrini istəyir. Halbuki, Er­mənistanın, eləcə də ermənipərəstlərin dünyada apardıqları təbliğatda Bakının, guya etnik təmizləmə gerçəkləşdirdiyinə dair mənasız və əsassız müddəalar var. Habelə, İrəvanın gələcəkdə sərsəm iddi­aları beynəlxalq hüquq müstəvisinə daşı­mağa cəhd göstərəcəyini ehtimal etmək mümkündür. Aİ-nin hazırkı mövqeyi isə bu sayaq neqativ hərəkət və davranışlara qarşı təbii immunitetdir. 

Deməli, Azərbaycanın mövqeyi an­laşılır və qəbul edilir. Nəzərə alaq ki, ölkəmiz Qarabağ ermənilərinin təhlükə­sizliklərinin təminatı üçün üzərinə düşən vəzifələri yerinə yetirib və yerinə yetir­məkdədir. Ərazidə yaşayan insanlara hu­manitar yardımların göstərilməsi intensiv­ləşib, beynəlxalq strukturların humanitar missiyalarına mövcud istiqamətdə müva­fiq şərait yaradılıb. 

***

Digər tərəfdən, ölkəmiz rəsmi səviy­yədə bəyan edib ki, ərazidən mülki sakin­lərin çıxması məcburi xarakter daşımır. Ancaq onu deməliyik ki, hazırda Qara­bağdan erməni əhalinin kütləvi köçü mü­şahidə olunmaqdadır. Bu halı idarə edilən proses kimi qiymətləndirmək mümkün­dür. Sanki kimlərsə maraqlıdır ki, bölgə erməniləri ərazini tamamilə tərk etsinlər. Belə bir halın yaşanması müsbət sayıla bilməz. 

Yada salaq ki, Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiası zəminində meydana çıxmış konfliktdir. Bunu söyləmək üçün Ermənistanın İs­tiqlal bəyannaməsinə diqqət yetirmək kifayətdir. Hələ ölkənin Konstitusiyasın­da da bu sənədə istinad var. Ancaq ha­zırkı durumda ərazi iddiası və mövcud istiqamətdəki manipulyasiyalar keçərsiz­dir. Üstəlik, Qarabağda növbəti “erməni soyqırımı” ilə bağlı sərsəmləmələr nə­ticəsiz qalıb. Yəni, dünya erməniliyinin, 1988-ci ildə Sumqayıtda olduğu kimi, sadə erməniləri qətlə yetirib günahı azər­baycanlıların üzərinə atmaq oyunu keçər­sizdir. Yerdə qalır Qarabağ avantürasını niskilə çevirmək. Bunun üçün isə bölgədə yaşayan ermənilərin ərazini tərk etmələ­ri vacibdir. Heç şübhəsiz, Ermənistan gələcəkdə Qarabağdan qovulduğu iddia edilən insanların icmasını yaradıb an­ti-Azərbaycan fəaliyyətinə baş vuracaq­dır. Ancaq ölkəmiz üçün əsas olan heç də bunlar yox, dünya birliyinin həqiqətləri görməsidir. Həqiqətlərin nəzərə alınması baxımından isə Aİ-nin hazırkı mövqeyini və həmin mövqenin ifadəsini tapdığı bə­yanatı əhəmiyyətli saymaq mümkündür. 

***

Azərbaycanın antiterror tədbirləri nə­ticəsində yaranmış yeni reallıq göstərir ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülh naminə bütün səylərini səfərbər etməlidirlər. Halbuki, həmin tədbirlərədək sülh nizamlanması sanki dalana dirənmişdi. Aİ-nin də missi­yasının iflasa uğradığı təəssüratı yaran­mışdı. Azərbaycanın göstərdiyi qətiyyət həmin təəssüratı aradan qaldırdı və belə­liklə ölkəmiz qurumun tənzimləmə funk­siyasının yenidən təşəkkülünə kömək göstərmiş oldu. Buna sübut kimi H.Hacı­yevin A.Qriqoryanla təması zamanı Azər­baycan və Ermənistan liderlərinin gələn ayın 5-də Qranadada görüşmələrinə dair məsələnin müzakirəsini göstərmək ye­rinə düşər. 

Bəli, artıq bildirmək mümkündür ki, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində bir araya gəlmələrinə dair perspektiv realdır. Çünki tərəflər normallaşma səylərinin davamı üçün Qranadadakı təmas imkanından istifadəyə ortaq maraqlarını açıqlamış­lar. Onlar həmin görüşdə, həmçinin Bakı – İrəvan sülh prosesinə yönələn konkret addımların, o cümlədən, sərhədlərin de­limitasiyasının, təhlükəsizlik, humanitar məsələlər və daha geniş məqamların dis­kussiya predmetinə çevrilməsinin müm­künlüyü üzərində dayanmışlar. 

Aİ Şurası prezidentinin mətbuat ka­tibliyinin bəyanatında, eyni zamanda, he­sab edilir ki, Qranada Sammitindən həm Azərbaycan, həm də Ermənistan əvvəlki Praqa və Brüssel (Azərbaycan və Ermə­nistan lidelərinin Aİ Şurası prezidentinin vasitəçiliyi ilə keçirilmiş 6 oktyabr 2022-ci il və 14 may 2023-cü il görüşləri – red.) tə­masları zamanı əldə olunmuş razılaşma­lara uyğun şəkildə, bir-birinin ərazi bütöv­lüyünə və suverenliyinə sadiqliklərini açıq bəyan etmək üçün istifadə etməlidirlər. Bu məqamın vurğulanması da son dərə­cə vacibdir. Deməli, sülhə doğru təmaslar davamlı xarakter alacaq və Aİ də Cənu­bi Qafqazdakı mövcud reallıqları nəzərə alaraq, prosesdə iştirakda maraqlıdır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət