Böyük işimizə kölgə salmayaq

post-img

Əvəz RÜSTƏMOV 
[email protected]

 

Qarabağ erməniləri ilə jurnalist təmaslarına dair müşahidələrimiz

 

Qarabağı tərk edən ermənilərin Ermənistana və digər ölkələrə köçü davam edir. Dünən köç edənlərin sayı 40 mini keçdi. Çox güman, önümüzdəki həftələrdə bu say bir qədər də artacaq. Yəni, belə görünür. Əlbəttə, dövlətimiz heç də istəmir ki, Qarabağ erməniləri ərazini tərk etsinlər. Əksinə, onların bölgədə qalmaları arzuolunandır. Nə üçün arzulanandır, söhbətimiz bu barədə olmadığından, məsələnin üzərində geniş dayanmağa lüzum görmürük. Yalnız onu deyək ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və ermənilərin də bu etnik rəngarənglikdə iştirakı pis olmazdı. Digər tərəfdən, Qarabağ erməniləri oldu-olmadı, Azərbaycanın müxtəlif bölgələrində ermənilər yaşayırlar və onlara gözün üstə qaşın var deyən yoxdur. Mövzumuz isə Qarabağı tərk edən ermənilərin fikirlərinin öyrənilməsidir. Daha doğrusu, bunun bir detalına münasibət bildirəcəyik.

Məsələnin vacibliyini əsaslan­dırmazdan əvvəl deyək ki, Azər­baycanın media subyektlərinin təmsilçiləri, xüsusən, telekanal­ların müxbirləri Qarabağ ermə­nilərini Laçındakı şərti sərhəddə qurduğumuz nəzarət-buraxılış məntəqəsindən keçərək üzü Er­mənistan tərəfə yolçuluq əsnasın­da, belə demək mümkünsə, sual atəşinə tuturlar. Onlara yaxınlaşır, fikirlərini öyrənirlər. Yəqin, dəyərli oxucularımız da belə səhnələrə şahidlik ediblər. Bəlkə haqqında söz açacağımız məqamı düşünən­lər də var. Söhbət jurnalistlərimizin ermənilərə yaxınlaşmalarından, onlarla ünsiyyət qurmalarından ge­dir. Məsələn, AzTV müxbirinin ün­vanladığı suallar öz yerində, onun erməni müsahibinə yanaşma tərzi kifayət qədər səlist idi. Müxbir özü mədəni, sadə, sualları isə ardıcıl, məntiqi cəhətdən bir-biri ilə bağlı idi. Ən əsası isə peşəkar davranışı ilə diqqəti cəlb edirdi.

Ancaq xoşagəlməz nümunələr də diqqətimizdən yayınmadı. Təsəvvür edin, polislərimiz, hərbçilərimiz, digər hüquq-mühafizə orqanlarımızın təmsilçiləri, vəzifə öhdəliklərinin tələblərinə uyğun olaraq, ermənilərlə son dərəcə nəzakətli və mədəni davrandıq­ları halda, bəzi jurnalistlərimizdə bunun əksini gördük. Sanki sualı jurnalist yox, istintaq orqanının təmsilçisi verirdi. “Siz” yox, “sən” deyə müraciətlər, küçə ritorikası üslubunda yanaşmalar və sair bu sayaq hərəkətlər də öz yerində. Bir sözlə, eybəcər mənzərə. Həmin an ağlımıza gələn bu oldu ki, media təmsilçilərimiz Azərbaycan polisi­nin, ümumən güc strukturlarının müxtəlif videogörüntülərdə əksini tapmış nəzakət ritorikasını heçə endirməklə məşğuldurlar. 

Əlbəttə, müsahib ermənidir­sə, məsələ heç onda da deyil ki, biz yaxın tariximizdə yaşananla­rı unutmalıyıq, ancaq xoş rəftar göstərməliyik. Şübhəsiz, olanları da unutmuruq və həm yaddaşımı­zı, həm də haqqımızı sentyabrın 19-da başlanmış və cəmi 23 saat 43 dəqiqə çəkmiş lokal xarakter­li antiterror tədbirləri ilə göstər­dik. Bundan əvvəl isə 44 günlük müharibədə göstərmişdik. İndiki döyüşün məqsədi tam başqadır. Sərhəddəyiksə, məqsəd Qarabağ ermənilərini yola salmaqdır. Daha doğrusu, onların yola düşməsinə mümkün qədər əlverişli şərait ya­ratmalıyıq. Nəhayət, gedəni saxla­mazlar, – deyib atalarımız. 

Əlbəttə, biz gedənlərin son­radan tamam başqa məsələləri qaldıra bilmə ehtimalını da düşün­məliyik. Məsələn, mümkündür ki, Qarabağı tərk edən Aşot ən azı La­çındakı sərhəd-buraxılış məntəqə­sindən azca uzaqda dayanmış Avropa İttifaqının mülki müşahidə missiyanın təmsilçilərinə özünü soyqırımından qaçıb canını qur­tarmış biri kimi təqdim etsin. Hələ ölkəmizlə bağlı başqa neqativ fi­kirlər formalaşdırmağı qarşısına məqsəd qoyanlar da var. Fransa­nın köməyi ilə bölgəyə yerləşdiril­miş mülki müşahidə missiyası tək deyil... 

Bəli, hazırda ölkəmizə qarşı bu sayaq sərsəm iddialar irəli sür­mək istəyənlər növbəyə dayanıb­lar. Başda da Ermənistanın siyasi rəhbərliyi olmaqla. Onların ləkə yaxmaq üçün hər vasitədən yarar­landıqları məlumdur. Qarabağ er­məniləri kartı isə göydəndüşmədir. Məhz mövcud səbəbdən bölgəni tərk edənlərin fikirlərinin öyrənil­məsi müstəsna əhəmiyyət daşı­maqdadır. Yəni, yuxarıda haqqın­da söz açdığım vaciblik bununla əsaslandırılır. 

Ancaq belə çıxır ki, bu vacibliyi dərk etməyən yalnız jurnalistlər­dir. Halbuki onlar məsələyə digər sahələrin təmsilçilərindən daha həssas yanaşmalıdırlar. Daha doğrusu, prinsipcə onların daha həssas münasibət göstərməsi şərtdir. Çünki çəkdiklərinə, göstər­diklərinə bütün dünya baxır və həmin materiallara əsasən ölkə­mizlə bağlı rəy formalaşır. Nəzərə alaq ki, bu rəy erməni yalanlarına qarşı tutarlı arqument xarakteri daşımaqdadır. Axı, indiki halda sərhədi keçmiş Aşot gedib Ermə­nistan hakimiyyətinin havadarla­rının sorğularında deyə bilməz ki, azərbaycanlılar ona qarşı nə isə nalayiq rəftar göstəriblər. Desə də, əhəmiyyəti qalmayacaq. Çünki sərhədi keçəndə fikrini bildirib, xoş münasibətini, bilərəkdən, yaxud bilməyərəkdən müsbət mövqeyini ifadə edib, özünə qarşı azərbay­canlılar tərəfindən xoşagəlməz rəf­tarın edilmədiyini dilə gətirib. 

Bütün bunlara görə teleka­nallarımızın, digər media orqan­larımızın rəhbərlərinin məsələyə diqqətlə yanaşmaları, sərhədə hazırlıqlı jurnalistləri göndərmələ­ri şərtdir. Jurnalist jurnalist kimi olmalı, media təmsilçisi qismində hərəkət etməlidir. Hazırda onun geyim tərzi, özünü aparması, mü­raciət forması, hətta mimika və jestləri də bizimlə bağlı təsəvvür formalaşdırır. Yəqin, dəyərli həm­karlarımız da razılaşarlar ki, böyük işi bu kimi kiçik məsələlərlə heçə endirmək olmaz.

Siyasət